Azərbaycanda dollar bahalana bilərmi? - Mərkəzi Bank “iki daş arasında qalıb”… - ANALİZ


Son günlər Azərbaycanın əsas ticarət tərəfdaşı olan Türkiyədə milli valyuta – lirə sürətlə ucuzlaşmaqdadır. Bu gün (25.10.2021) lirə ABŞ dolları qarşısında növbəti anti-rekorda imza atıb. Səhər saatlarında valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 9,74 türk lirəsinə satılıb. Son bir ayda lirə həm dollar, həm də Azərbaycan manatı qarşısında 10% ucuzlaşıb.

Lirənin bu qədər sürətlə ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək və bu ucuzlaşma manatın məzənnəsinə təsir edə bilərmi? 

Hazırda Türkiyə İtaliyadan sonra Azərbaycanın əsas ticarət tərəfdaşı hesab olunur. Bu ilin ilk 9 ayında Azərbaycan Türkiyəyə 1,9 milyard dollar dəyərində məhsul satıb, 1,3 milyard dollar dəyərində məhsul idxal edib. Ümumi ixracın 13,2, idxalın isə 15,7%-i Türkiyənin payına düşüb. 

İxrac etdiyimiz məhsulun təxminən 1,4 milyard dollarını təbii qaz və neft təşkil edib. Təbii qazın və neftin satışı dollar ilə həyata keçirildiyi üçün lirənin dəyərdən düşməsinin ixrac göstəricilərinə ciddi bir təsiri olmayacaq.

Lakin, Türkiyədən idxal etdiyimiz məhsullar qeyri-neft məhsulları olduğundan lirənin ucuzlaşması idxal göstəricilərinə təsir edə bilər.  

İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyədə milli valyutanın ucuzlaşması bu ölkədən idxalı artıra bilər. Çünki lirənin manat qarşısında bu qədər kəskin ucuzlaşması Türkiyədən gətirilən məhsulların da ucuzlaşması deməkdir. Məsələn, bir ay əvvəl Türkiyədə dəyəri 100 lirə olan məhsul üçün üçün 19 manat ödəyirdiksə, hazırda 17 manat ödəyirik. 

Ancaq xatırlatmaq lazımdır ki, hazırda Türkiyədə lirənin ucuzlaşmasına paralel olaraq inflyasiya da müşahidə olunur. Yerli bazarda məhsulların qiyməti də artır. Sentyabr ayında Türkiyədə aylıq inflyasiya 1,3% olub. Oktyabr ayında inflyasiya səviyyəsi açıqlanmasa da, qiymət artımının məzənnə artımından bir neçə dəfə aşağı olacağını təxmin etmək mümkündür. 

Bu vəziyyətin Azərbaycan iqtisadiyyatına təsirlərini aşağıdakı kimi sıralamaq olar:

-  İnsanlar Türkiyədən ucuz məhsul idxal etmək üçün daha çox valyuta almağa çalışacaqlar. Nəticədə Azərbaycanda dollara tələbat artacaq. Avqust ayı ilə müqayisədə sentyabr ayında Türkiyədən idxal olunan məhsulların həcmi dəyər ifadəsində 13% artıb. Mərkəzi Bankın keçirdiyi valyuta hərracında satılan dolların həcmi isə avqust ayı ilə müqayisədə sentyabrda 11% artıb.

-  İdxalın artması eyni zamanda yerli istehsala mənfi təsir edəcək. 

-  Eyni zamanda idxalın artması ölkəyə idxal inflyasiyasını da gətirmiş olur. Türkiyədə məhsullar nə qədər bahalanarsa, ən azı bir o qədər də Azərbaycanda baha satılacaq. Azərbaycanda idxal inflyasiyasının artdığını Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib: “Azərbaycanda inflyasiyaya ən çox xarici amil təsir göstərir. Bizdə inflyasiya idxalla bağlıdır. Bu, əsasən ərzaq inflyasiyasıdır”.


İdxalın, dollara tələbatın və idxal inflyasiyasının artması manatın məzənnəsinə təsir edə bilərmi?

Yuxarıda sadalananların əsas səbəbi qeyd etdiyimiz kimi, lirənin manat qarşısında dəyərdən düşməsidir. Əsas ticarət tərəfdaşımız olan ölkədə milli valyutanın ucuzlaşması manat üzərində də təzyiqləri artırır. Normal şərtlərdə idxalın, dollara tələbatın və idxal inflyasiyasının artmasına mane olmaq üçün Mərkəzi Bank bazara müdaxilə edərək manatın ucuzlaşmasına çalışmalıydı. 

Xatırlayırsınızsa, Azərbaycan bənzər vəziyyətlə 2014-cü ildə də qarşılaşdı və çıxış yolu kimi manatın kəskin ucuzlaşdırılması (devalvasiya) yolunu seçdi.  

Ancaq, 2015-ci il devalvasiyasından sonra ölkənin maliyyə sektorunda yaranmış böhran və digər çoxsaylı problemlər Mərkəzi Bankın yenidən belə bir addım atacağı ehtimalını azaldır. 

Üstəlik qeyd etmək lazımdır ki, 2014-cü ildən fərqli olaraq hazırda Azərbaycan nefti daha baha qiymətə satılır. Bu da daxili bazarda dollara olan tələbatı qarşılamağa imkan verir. 

Eyni zamanda Azərbaycan əsasən Türkiyədən məhsul idxal etdiyi üçün manatın lirə qarşısında baha olması idxal inflyasiyasının da nisbətən azalmasına səbəb olur. Bu səbəbdən hazırda manatın dəyərdən düşməsi Türkiyədən gətirilən məhsulların bir qədər də bahalaşmasına səbəb ola bilər. 

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top