Xudayar Yusifzadənin şəhadətindən 1 il ötür


Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. O, 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.
Şəhidimiz Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində qəhrəmancasına vuruşaraq şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xudayar Yusifzadə şəhadətindən sonra "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları, həmçinin, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhidimiz Xudayar ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanındı. Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top