ABŞ-da Baydenin Əfqanıstandan çəkilmə qərarı barədə araşdırma başladı - KİV


ABŞ-ın bir sıra departamentləri prezident Co Bayden administrasiyasının ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı verdiyi qərar barədə araşdırmalara başlayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Araşdırmanın ABŞ Dövlət Departamenti, Daxili Təhlükəsizlik Departamenti, Sağlamlıq və İnsan Xidmətləri Departamenti, Pentaqon və ABŞ Beynəlxalq İnkişaf Agentliyi baş müfəttişləri tərəfindən aparılacağı qeyd olunur.
Onlar həmçinin ABŞ diplomatik heyətinin Əfqanıstandan çıxarılması, ölkənin oradakı səfirliyinin bağlanması, habelə əfqan qaçqınların təcili təxliyəsi ilə bağlı yoxlamalar aparacaqlar. Qəzetin yazdığına görə, müfəttişlər ABŞ Konqresinə cavabdeh olan Əfqanıstanın bərpası üzrə ABŞ-ın xüsusi baş müfəttişi Con Sopko ilə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden 14 aprel tarixində Amerika tarixində ən uzun xarici hərbi kampaniya olan Əfqanıstanda əməliyyatın dayandırılması barədə qərar verdiyini açıqlayıb. ABŞ qoşunları bu ölkədə 2001-ci ilin oktyabr ayından fəaliyyətdə olub.

DİGƏR XƏBƏRLƏR

Top