İçərisində şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının da olduğu ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verilib. Bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə oktyabrın 21-də Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb. "Ford" markalı minik avtomobili hərəkətdə olarkən sürücü anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü, 38 yaşlı Tağıyev Emin Ağamir oğlu və sərnişini, 35 yaşlı Ələsgərova Günel İnqilab qızı hadisə yerindəcə dünyasını dəyişib. G.Ələsgərovanın oğlu isə xəsarət alıb. Qəza zamanı ölən G.Ələsgərova Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli mayor Rəhim Hüseynovun həyat yoldaşıdır. O, Bakıdan rayona şəhid R.Hüseynovun anım mərasiminə gedirmiş.
***09:07
Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi mayor Rəhim Hüseynovun anım mərasiminə gedən xanımı Günel Ələsgərova Kürdəmir ərazisində avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
"Ford" markalı avtomobilin idarəetmədən çıxaraq aşması şəhid xanımı ilə yanaşı, 1983-cü il təvəllüdlü Emin Tağıyevin də ölümünə səbəb olub.
Dəhşətli qəzanın fotolarını təqdim edirik:
(Qafqazinfo)