ABŞ-ın Suriyanın cənubunda yerləşən əl-Tanf hərbi məntəqəsi koordinasiyalı hücuma məruz qalıb.
Yeniavaz.com "Washingtonpost"a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat verib. Məlumatda deyilir ki, hərbi məntəqədə olan Amerika hərbçiləri arasında yaralanma və ölüm hallarına rast gəlinməyib.
İlkin məlumatlara görə, hücum iki pilotsuz uçuş aparatı və az sayda raketlə həyata keçirilib. Xəbərdə deyilir ki, PUA-lardan açılan zərbələrdən biri əl-Tanf qarnizonunun ABŞ-a aid hissəsinə, digəri isə Suriya müxalifət qüvvələrinin yerləşdiyi əraziyə endirilib.
Müxtəlif mətbuat orqanları bildirir ki, hadisə baş verməmişdən əvvəl bölgədə mobil rabitə tamamilə itib. Bu isə öz növbəsində güclü radioelektron mübarizə sisteminin işə düşməsinin göstəricisi kimi qiymətləndirilib.
ABŞ rəsmiləri hücum vaxtı Suriya qüvvələrinin yaralanması və ölməsi ilə bağlı məlumata sahib olmadıqlarını da qeyd ediblər.