“Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev iddia edir ki, bu görüntü otaqda təhlükəsizlik kamerası monitorundan yox, məhkəmə zalında naməlum şəxs tərəfindən çəkilib və o naməlum şəxsi tapa bilmirlər”.
Yeniavaz.com xəbər verir ki, bunu ictimai fəal Bəxtiyar Hacıyev, mətbuatda yayılmış və onun məhkəmə zalında iştirakçılardan biri ilə yaşadığı münaqişənin görüntülərinin əks olunduğu kadrlar barədə yazıb. O iddia edib ki, videonu yaymaqla məhkəmə zalında ona qarşı törədilən xuliqanlıq cinayətini ört-basdır etməyə çalışırlar.
İddialarla bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq, təəssüf ki, qurumun rəsmi saytında KİV-lə əlaqələr üçün yerləşdirilmiş vasitələr fəaliyyət göstərmir.
Xatırladaq ki, sözügedən kadrlarla bağlı B. Hacıyev daha əvvəl də yazmış və görüntülərin onu nüfuzdan salmaq üçün natamam formada mətbuatda tirajlandığını iddia etmişdi:
"Anonim olmayan, öz adı ilə davamlı yazan, məni təhqir edib, böhtan atan şəxslərlə bağlı Yasamal Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişəm. CPM-ə görə hazırlıq iclasında aidiyyət, CPM tələblərinin yoxlanılması və digər məsələlərə baxılmalı olsa da, 4 dəfə baxış iclasına bərabər, çıxışlar olan, uzun iclaslar olub, sonra növbəti həftəyə təxirə salıblar.
Məhkəmə iclas zalında qarşı tərəf dəfələrlə tərbiyəsizlik edərək təhqir və böhtanlarına davam edib, hakim müdaxilə etməyib. Hakim müşavirəyə gedəndə təxribat olmaması üçün zaldan çıxanda arxamca söyüş söyülüb. Mən qayıdıb əlimdəki sənədləri masaya vuraraq qarşı tərəfdən tərbiyəli olmasını tələb etmiş, xəbərdarlıq etmişəm, zaldan çıxanda arxamca şüşə stəkan zərbə ilə atılıb, qapıya dəyərək sınıb, xuliqanlıq edilib.
Amma mən bu hadisənin aktlaşdırılmasını tələb edəndə "iş saatı bitib, 1-ci gün gələrsiniz, edərik" deyilib. İş saatı bitəndən sonra necəsə həmin iclasın keçirildiyi zaldan qeyri-qanuni, bir rakursdan çəkilmiş, səssiz və yarımçıq video kənara çıxıb.
Daha sonra həmin video müxalif siyasətçilərin və digər şəxslərin sındırılmış hesablarından yayılıb, ayrı-ayrı saytlara bunu tirajlamaq tapşırılıb”.