Xilasedicinin Gəncədə yaşadığı təsirli hadisə: "Onun isti bədənini hiss etdim"


“Biz 2020-ci il 17 oktyabrda Gəncədə baş verən partlayış zamanı hadisə yerinə çatanda barıtın iyindən və toz-dumandan demək olar ki, heç nə görmürdük. Sadəcə qışqırıqlar, haraylar, bəzi yerlərdə sıxışıb qalmış insanların səsi eşidilirdi”.

Yeniavaz.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzində xüsusi xilasetmə hissəsinin xilasedicisi Mərdan Şirinov bildirib.

Onun sözlərinə görə, partlayış baş verən anda Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə çıxmaq üçün həyəcan siqnalı verilib:

“Partlayışdan sonra qalıqlar altından bir neçə şəxs xilas edilib. Onlar arasında körpələr də vardı. Təəssüf ki, həlak olanlar da var idi. Bir evin eyvanı salamat qalmışdı. Oradan balaca bir qızı xilas etdim və aidiyyəti üzrə təhvil verdik. Daha sonra iş yoldaşlarımla ər, arvad və uşağını xilas etdik”.

O deyir ki, ötən il Gəncədə apardığı xilasetmə işi ömrünün sonuna qədər acı bir xatirə kimi yaddaşında qalacaq:

“Hadisə zamanı südəmər uşağı anasının qucağından çıxarmışıq. Onun isti bədənini hiss etdim. Bu, mənim üçün ən çətin və təsirli idi. Mən nə qədər soyuqqanlı olmaq istəsəm də, bir il əvvəl yaşanan hadisədən sonra həyata tam başqa cür baxıram. Bir neçə ay gecələr elə bilirdim ki, həmin uşaqlarla birlikdə yatıram. Əraziyə yığılan torpaq, dəmir, taxta parçalarını heç bir texnika işlətmədən təmizlədik ki, sağ qalanlara və meyitlərə zərər verməyək”.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 1 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SKAD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutmuşdu.

Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

DİGƏR XƏBƏRLƏR

Top