İcra başçısı: “Mingəçevirdə ən aktual problemlərdən biri işsizlikdir” - FOTOLAR


Mingəçevirdə ağacəkmə aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, aksiya oktyabrın 16-da baş tutub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da şəhərin Energetik qəsəbəsi və giriş hissəsində keçirilən aksiyada iştirak edib. İcra başçısı bildirib ki, gələcəkdə Heydər Əliyev prospektinin “KÜR” kompüter zavodu ilə Avtovağzal arasında olan hissəsində, yolun hər iki tərəfində geniş park salınacaq.
İcra Hakimiyyətinin başçısı daha sonra bir qrup şəhər sakini görüşüb, onları narahat edən problemlərlə maraqlanıb. Bəzi sakinlər işsizlik problemi ilə üzləşdiklərini, onların işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş ediblər. İcra başçısı sakinlərə tövsiyyə edib ki, işlə təmin olunmaq üçün məşğulluq mərkəzinə müraciət edərək qeydiyyata dursunlar. Müvafiq vakant yer yaranacağı halda onlar işlə təmin olunacaqlar. İlham İsmayılovun sözlərinə görə Mingəçevirdə hazırda mövcud olan ən aktual problemlərdən biri işsizlikdir və ölkə prezidenti cənab İlham Əliyev bu problemin köklü şəkildə həll edilməsi ilə bağlı müvafiq göstəriş verib:
“Prezident İlham Əliyevin göstərişinə əsasən, yaxın vaxtlarda şəhərimizdə 4 yeni fabrik tikilib istifadəyə veriləcək və bundan sonra inanırıq ki, işsizlik problemi tamamilə aradan qalxacaq”.
İcra başçısı qarşısında qaldırılan digər məsələ isə Tərəvəzçilik Sovxozu ərazisində bəzi küçələrin işıqlandırılmaması ilə bağlı olub. Şəhər rəhbəri küçələrin işıqlandırılması ilə bağlı artıq genişmiqyaslı işlərin başladığını, yaxın vaxtlarda bütün küçələrin işıqlandırılması üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Sakinləri narahat edən bir başqa məsələ isə, kanalizasiyaların tez-tez tutulması və aidiyyəti təşkilatların bunun qarşısının alınması ilə bağlı vaxtında lazımi tədbirlər görməmələri olub. İlham İsmayılov dərhal Sukanal idarəsinin rəhbərliyinə problemin aradan qaldırılmasını tapşırıb.
İcra Hakimiyyətinin başçısı eyni zamanda iməclik keçirilən şəhər 17 nömrəli uşaq bağçasının kollektivi ilə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Kollektiv üzvləri bağçanın ərazisinin suvarılması üçün suvarma xəttinin çəkilməsinə və bağça binasının təmirə ehtiyac olduğunu dilə gətiriblər. İlham İsmayılov bağçanın həyətyanı sahəsinin suvarılması üçün su xəttinin çəkilməsi və yeni ağacların əkilməsi ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə müvafiq göstəriş verib. Bağçaların mərhələli şəkildə əsaslı təmir olunacağını deyən şəhər rəhbəri, hələ ki, İcra Hakimiyyətinin qənaət hesabına toplanmış vəsait hesabına bağçalarda xüsusilə vacib təmir-bərpa işlərinin görüləcəyini diqqətə çatdırıb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top