“Öz mülkiyyətimin qarşsında fiziki zorakılığa məruz qaldığım halda, Nəsimi Rayon Polis İdarəsi məni lomla başqalarına hücum çəkməkdə təqsirləndirmək istəyir”.
Bu sözləri Yeniavaz.com-a müraciətində Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 54 ünvanında yerləşən körpələr evi uşaq bağçasının direktoru İradə İbrahimova bildirib.
Şikayətçi deyir ki, o zorakılığa məruz qalarkən icra hakimiyyətinin və polis idarəsinin əməkdaşları da həmin ərazidə olublar:
“Qonşuluqda gedən tikintidən bizə bildirdilər ki, sizin binanız qəzalı vəziyyətdədir. Biz də buna görə, binanın fasadında təmir işləri aparmaq qərarına gəldik. Sonra İcra Hakimiyyətindən dedilər ki, işi dayandırmalıyıq. Onlar deyən gündən bərpa işlərini dayandırdıq. Bir neçə dövlət orqanlarına müraciət etdik ki, biz tikinti işini apara bilərik ya yox. Müraciətlərimizə cavab verilmədən bu il aprel ayının 15-də Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin “Marin Qrup”un rəhbər heyəti və fəhlələrinin iştirakı ilə bizim binanın fasadında söküntü işləri aparmağa başladı. Baxmayaraq ki, iş saatı idi və bağçada 40-a yaxın uşaq var idi. Mənə həmin ərəfədə təcili tibbi yardım əməkdaşları tərəfindən bağçanın içində yardım göstərilirdi. Uşaqların təhlükəsizliyi və psixoloji travma almamaları üçün, həmçinin, binanın qəzalı vəziyyətə düşməsinin qarşısını almaq üçün onlardan söküntünü dayandırmağı xahiş etdim və söküntü işi aparan işçilərdən birinin əlindəki lomu aldım. Və bir əlimdə lom, digər əlimdə çəkiliş apardığım telefonla söküntünün qarşısında dayandım. Yəni mən bağçanın içərisindən əlimdə lomla və kiməsə xəsarət yetirmək məqsədi ilə çıxmamışam. Bu təhlükəsizlik kameralarında da öz əksini tapıb. Bu zaman “Marin Qrup”un işçilərindən biri mənə qarşı zorakılıq tətbiq etdi və qolumu buararq xəsarət yetirdi. Bu hadisə icra hakimiyyətin baş memarı, sahə müvəkilli, “Marin Qrup”un rəhbər heyəti, fəhlələri və 102 çağrı xidmətinin göndərdiyi polis əməkdaşlarının gözü qarşısında baş verib”.
İ. İbrahimova şikayətinin 20-ci Polis Bölməsində, daha sonra isə Nəsimi Rayon Polis İdarəsində araşdırıldığını, lakin məsələyə lazımi hüquqi qiymətin verilımədiyini deyir:
“Birinci dəfə araşdırıldı, və mənə cavab məktubu göndərildi ki, burada cinayət tərkibi yoxdur. Mən mətbuat vasitəsilə müraciət etdikdən sonra, yenidən məni həmin polis idarəsinə dəvət etdilər və məsələnin bir daha araşdırılacağını bildirdilər. Bu yaxınlarda isə mənə yenə eyni məzmunlu cavab göndərilib. Hətta məni əlimdə lomla başqalarına hücum çəkməkdə təqsirləndirmək istəyirlər. Mənə zorakılıq edən qalıb qıraqda, məni təqsirkar etmək istəyirlər. Halbuki, görüntülərdə də var, mən sadəcə söküntü alətini işçinin əlindən işi dayandırması üçün alıram. Və mənim heç bir günahımın olmamasının digər bir sübutu isə, mənə fiziki xəsarət yetirən şəxsin etdiyi hərəkətə görə məndən üzr istəməsidir. Məndə bununla bağlı səs yazısı da var”.
Məsələ ilə bağlı hazırladığımız reportajı təqdim edirik: