
Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə Kiyevdə gənclərin aksiyası keçirilib.
Yeniavaz.com xəbər verir ki, “Azadlıq Meydanında” Azərbaycan Gənclər Fondunun və Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə keçirilən aksiya zamanı Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər, erməni vandalizmi haqqında məlumatları əks etdirən bukletlər kiyevlilərə və şəhərin qonaqlarına paylanıb.
İşğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında paytaxt sakinlərinə məlumat verən gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirlər haqqında fikirlər səsləndirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə insanları məlumatlandırıblar.
Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.
Avropanın müxtəlif şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kiyevdən başladıqları üçün Disaporla İş Üzrə Dövlət Komitəsininin şöbə müdirinin müavini Tural Səfərova, Azərbaycan Gənclər Fondunun İcraçı direktorun müavini Orxan Ərəbova, beynəlxalq əlaqələr şöbəsi donorlarla iş üzrə mütəxəssi İbrahim Mehdiyevə və ASAPIN nümayəndəsi Rafael Hacıbəyliyə təşəkkür edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Azərbaycan həqiqətlərinin təbliği işinin davam edəcəyini bildirib. UAR aparat rəhbəri Elşad İbrahimov öz növbəsində bildirib ki Ukraynada gənclərin koordinasiyası üçün Möminə Səttarovanın rəhbərliyində Radanın Gənclər departamenti təsis olunub.
Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, şanlı qələbəni bizə bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb və bir daha “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.


