“17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi” – Həkimdən AÇIQLAMA


Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov son iki həftə ərzində əməliyyat etdiyi iki azyaşlının ölümündə ittiham olunur. 
Yeniavaz.com xəbər verir ki, bu barədə azyaşlıların valideynləri sosial şəbəkədə məlumat yayıblar. Uşaqlardan biri - 1 yaş 9 aylıq Raulun anası Nuranə Cəfərovanın sözlərinə görə, oğlu Elnur Həsənov tərəfindən sentyabrın 15-də ürək qüsuruna görə əməliyyat edilib. Bir çox həkim əməliyyat riskini, uşağın sağ çıxmama ehtimalını əsas gətirərək əməliyyatdan imtina etsə də, E. Həsənov uşağı əməliyyata götürüb. Ana iddia edir ki, övladı bütün xəstəliklərə qalib gəlib: “Raulun ciyərləri xəstə deyildi, ölüm səbəbi kimi ciyərlərini dedilər. Mənim balama nə oldu, necə öldü? Hələ də məntiqli cavab tapa bilmirəm. Biz o xəstəxanada olduğumuz 17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi. Sanki xəstə uşaqların üstündə sınaq aparırdı. Uşaq üçün yeməklər aldırmışdılar. Vəfatından sonra yeməkləri də qaytarmışdılar. Baxırıq ki, yeməklər heç açılmayıb. Bəs bu 17 gündə uşağa nə veriblər? Bəlkə də heç nə verilməyib. Mənim uşağım bütün xəstəliklərə qalib gəlmişdi, əgər ona reanimasiyada yaxşı baxılsaydı, o ölməzdi”.
Mərkəzin rəhbəri Elnur Həsənov Raulun anasının iddialarına cavab olaraq Lent.az-a açıqlamasında bildirib ki, körpənin atası bir neçə dəfə əməliyyatla bağlı ona müraciət edib: “Onlara izah etmişdim ki, əməliyyat risklidir və bundan bir neçə dəfə imtina etmişdim. Uşaqla bağlı onu da deyim ki, körpə ana bətnində olanda bilinib ki, ürəyində qüsur var və daun sindromludur. Onlar bizə ilk dəfə müraciət edəndə bildirdim ki, körpə təxminən 3 aylıq olanda əməliyyat olunmalı idi və artıq gecdir. Atası çox adekvat insandır. Bunların hamısını nəzərə alaraq mənə bildirdi ki, əlimizdən gələni edək. Bunlar sənədləri imzaladılar. Dəfələrlə və dönə-dönə dedim ki, uşaq ölə bilər. Düzdür, şans çox az olsa da var idi. Mən demişdim ki, əməliyyatdan uğurlu çıxsa, hər şey yaxşı olsa uşaq gəzəcək”.
Həkimin sözlərinə görə, uşağın ağciyərində əvvəlcədən problem olub: “Ağciyər artireyasında yüksək hipertenziya var idi. Onun problemi olmasaydı, başqa xəstəxanada ağciyərindən müalicə almazdı. Bunların hamısı sənədlərdə var. Əməliyyatla bağlı bildirim ki, hər şey çox normal keçmişdi. Dinamika yaxşı idi və süni nəfəs aparatından da ayırmışdıq. Mən hər gün deyirdim ki, bir az dözək, yaxşılaşacaq. Sonradan isə uşaqda problemlər olmağa başladı və yenidən onu aparata qoşduq. Amma ciyərinə maye yığıldı və bu, ürək çatışmazlığının göstəricisi idi. Biz yenidən müalicəyə başladıq. Atasına da dedim ki, uşağın vəziyyəti pisləşir. Sona qədər əlimizdən gələni etdik, ancaq buna baxmayaraq körpə dünyasını dəyişdi”.

DİGƏR XƏBƏRLƏR

Top