Əsasən Yaxın və Orta Şərqdəki siyasi prosesləri araşdırmaq və işıqlandırmaqda maraqlı İngiltərənin nüfuzlu "Middle East Monitor" ( MEMO ) nəşri Azərbaycanda yeni radikal hərəkat yaradıldığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, mətbuat orqanı bununla bağlı 9 oktyabrda geniş məlumat dərc edib. Məlumatda qeyd olunur ki, simvolu "silah tutmuş əl" olan və bir çox islam ölkəsində müxtəlif formaları yaradılmış hərəkat şiələrin çoxluq təşkil etdiyi Azərbaycanda da "peyda olub". Bildirilir ki, 2019-cu ildə Suriyada yaradılmış "Hüseynçilər" hərəkatı, son günlər İranla Azərbaycan arasındakı gərginliyin fonunda "Azərbaycan İslam Müqavimət Hərəkatı" adı altında yenidən aktivləşdirilib.
MEMO hərəkatın aktivləşdirildiyini İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bir neçə tərəfdarının sosial media vasitəsilə elan etdiyini yazıb.
Həmçinin bu hərəkatın da digər bənzərləri ilə sarı və yaşıl rəngin koordinasiyası, əldə tutulan hücum tüfəngi kimi oxşar əlamətlər daşıdığı qeyd olunur.