Atası Kəramətə şeir yazdı: "Gəlib indi bizi görsən, ağlarsan"


Xəbər verdiyimiz kimi, tanınmış yazıçı Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, içkiyə qurşandığına görə dispanserə köçürülən yazıçının atası - şair Qəşəm Nəcəfzadə oğluna şeir yazıb.

Həmçinin oxu: Kəramətin atası: "Vilayət Eyvazov mənə zəng etdi, ilk cümləsi belə oldu ki..."

Həmin şeiri təqdim edirik:

Yuxulardan oyanmaq...
Kəramət Böyükçölə
Anana demişəm,
Pişik cırmaqlayan dizindən danışmasın.
Əmziyini xatırlatmasın,
Qolundakı xalını yadıma salmasın...
Doğum evində demişdim ki,
Körpəmiz dəyişik düşər.
Demişdi, qolunda qara xalı var, qorxma...
Bəs böyüyəndə,
Sən kimlə dəyişik düşdün, oğlum?
İndi deyirəm o xalı
Yaddaşımdan pozsun.
Bütün xatirələrini
Birdəfəlik büküb
Palazın alta qoysun.
Mənə
Bir dənə xatirəni göstərməsin.
İşə bax,
Göbəyin quruyub düşəndə
İlk kitabımın arasına qoymuşammış...
Bu axşam anan göstərdi mənə.
Süd dişini hələ də saxlayırammış,
Yapışıb kitabın son vərəqinə.
Evdə atıla-atıla yeriyərim ki,
Ayaq izlərini əzməyim.
Şirin yuxulardan oyanıram ki,
ləzzətlə səni gözləyim.
Evimiz elə böyükdü ki,
Anan məni axtarır evdə.
Oyuncağı olmayan uşaqlara bənzəyirik,
Yuxuya gedirik, hərəmiz bir küncdə.
Gəlib indi görsən, ağlarsan
Səpmişik evə sənin uşaqlıq şəkillərini,
Şəkillərlə oynaya-oynaya
Yuxu bizi aparıb...
Göbəyin və süd dişin ananın əllərində
Balaca süd şüşəsi yırğalanır sinəmdə...

DİGƏR XƏBƏRLƏR

Top