Bəxtiyar Hacıyev polis tərəfindən təhqir və zorakılığa məruz qaldığını bildirir – DİN-dən AÇIQLAMA


İctimai fəal Bəxtira Hacıyev polis əməkdaşı tərəfindən təhqir və zorakılığa məruz qaldığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkələr vasitəsilə məlumat verib və hadisənin oktyabr ayının 7-də baş verdiyini bildirib:
“Bu gün saat 15:00 radələrində ofisə getmək istəyəndə yolun bağlandığını gördüm, piyada kimi keçmək istəyəndə dedilər ki, yolu keçmək olmaz. Mən də bir az gözlədim, yolun boş olduğunu görüb, telefonla boş yolun fotosunu çəkdim. Bu zaman bir polis əməkdaşı mənə yaxınlaşdı, vəsiqəmi istədi. Mən də şəxsiyyət vəsiqəmi təqdim etdim. "O vəsiqə yox, başqa vəsiqəni verin, yolu çəkməyə icazə olan vəsiqə". Mən də "yolun şəklini çəkmək üçün vəsiqə lazım deyil" dedim və şəxsiyyət vəsiqəmi geri istədim ki, digər tərəfdən keçim, ofisə gedim. O isə vəsiqəmi qaytarmayaraq məni hədələməyə başladı ki, səninlə hələ işim çoxdur, gözlə.
Mən də "o zaman ofisə göndərərsiniz, mən gedirəm" deyəndə çox kobud, tərbiyəsizcəsinə qışqıraraq, kəmərimdən və qolumdan yapışdı. Mən ona vətəndaşla belə danışa bilməyəcəyini bildirəndə yanındakı polisdən gözyaşardıcı bibər qazı istədi, amma vermədilər. PPX maşınının qapısını açdı, məni itələyərək maşına mindirdi və özü də mindi”.
B. Hacıyev polisin onu əvvəlcə xidməti avtomobildə, daha sonra isə aparıldığı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində zorakılğa və təhqirlərə məruz qoyduğunu iddia edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. O, bildirib ki, Bəxtiyar Hacıyev saxlanılmayıb:
“Bölməyə dəvət olunub. Onunla profilaktiki söhbətlər aparılıb və o, sərbəst buraxılıb”.
B. Hacıyevin polisin xidməti avtomobilində və 27-ci polis bölməsində zorakılığa məruz qalması ilə bağlı iddialarına isə E. Hacıyev münasibət bildirməkdəm imtina edib:
“Hazırda bununla bağlı cavabım yoxdur. Cavab olsa, sizinlə əlaqə saxlayacağam”.

DİGƏR XƏBƏRLƏR

Top