Əlilliyə görə etiraz edənlərlə bağlı Agentlikdən AÇIQLAMA


“Bu gün bəzi sosial media səhifələrinə müsahibə verən Zöhrablı Təbriz Atamoğlan oğlu və Miriyeva Dilarə Qəzənfər qızının müraciəti araşdırılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöb müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Vətən Müharibəsinin iştirakçısı, Ağdam rayon sakini Təbriz Zöhrablıya özünün də bildirdiyi kimi, müharibə ilə əlaqədar II dərəcə əlillik təyin edilib:
“Ona ayda 480 manat olmaqla Prezident təqaüdü və sosial müavinət təyin edilib. Bundan başqa, müharibə əlili kimi xüsusi imtiyaz və güzəştlərdən yararlanmaq imkanları yaranıb. Məşğulluğunun təmin edilməsi, mövcud vakansiyalarla tanış olması üçün aidiyyəti qurumun filialına da dəvət edilib, lakin indiyədək o filiala gəlməyib.
Həmçinin, Təbrizə “Azərsığorta” tərəfindən sığorta ödənişi (2750 manat), “YAŞAT” Fondu tərəfindən maddi yardım (2633 manat) edilib. May ayında Fond onun banka olan borc öhdəliyini də qarşılayıb”.
Şöbə müdiri Dilarə Miriyeva ilə bağlı məsələyə də toxunub:
“Bakı şəhər sakini Dilarə Miriyevanın da müsahibəsində səsləndirdiyi fikirlər əsassızdır. Belə ki, aidiyyəti tibb müəssisəsinin qoyduğu diaqnoz və göndərişinə uyğun olaraq, ona əlillik təyinatından imtina verilib. Əlillik təyinatı qanunvericiliklə tənzimlənir və təsdiq edilmiş normalara uyğun gəlmədiyi halda əlillik təyin edilmir. Bütün bunlara baxmayaraq, vətəndaşın müraciəti nəzərə alınaraq, əyani müayinəyə dəvət edilib, həkim-ekspertlər tərəfindən baxış keçiriləcək.
Bütün bunlar Mərkəzin qarşısına gələn sosial şəbəkə səhifələrinin nümayəndələrinə rəsmi açıqlansa da, onlar qarşı tərəfin mövqeyini yaymayıblar. Bu da bir daha həmin səhifələrin birtərəfli və məqsədli məlumat yaymaqla izləyicilərini çaşdırmağa yönələn niyyətlərindən xəbər verir”.

DİGƏR XƏBƏRLƏR

Top