Elxan Məmmədov Aslan İsmayılovu məhkəməyə verib


“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov rəsmi qaydada məni məhkəməyə verib”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri tanınmış vəkil və hüquqşünas özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, buna səbəb AFFA-da yeyintilərin olması ilə bağlı yazdığı yazıdır:
“E.Məmmədov 27 sentyabr 2021-ci il tarixdə "AFFA-da yeyintilər var" deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA (Fédération Internationale de Football Association - Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm.
E.Məmmədovu “şur götürüb”, yaxud Leninin yazısında olan kimi futboldakı “uğurlarından baş gicəllənməsi baş verib” deyə bilmirəm. Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa Azərbaycan futbolunun bu günkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtı, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı. Amma bir əmma da var. 27 yaşında, futboldan xəbəri olmayan birisini o cür məsuliyyətli bir vəzifəyə təyin edəndə, əlbəttə beləsi özünü əlahiddə, toxunulmaz bir şəxs hesab edəcək!
Açığı, ilin günün bu vaxtında belələrinə baş qoşmaq istəməzdim. Ancaq indi məcburam və döyüşü qəbul edirəm. Onsuz da ömrüm mübarizələrdə keçib, R.Mehdiyev-Ə.Həsənov cütlüyü 3 dəfə məhkum etdirib, yeganə peşəm olan vəkilliyimi belə əlimdən alıblar. Yaşım 63-ü kiçib. 64 yaşımda 4-cü məhkumluğu yaşamağa da hazıram.
Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum təcili “Paşa Bank”a müraciət edib borclu olduğu fəhlə haqqının köçürülməsini xahiş edib. Bu günə qədər gözə görünməyən E.Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovalamağa başladı. 
Futbolsevərlərdən isə xahişim odur ki, bu müddət ərzində bu çəkişməni diqqətdə saxlasınlar. Çünki, bu çəkişmə tək AFFA - Aslan İsmayılov çəkişməsi deyil. Mənim timsalımda AFFA bütün futbolsevərlərin səsini kəsməyə çalışır”. 
Aslan İsmayılov qeyd edib ki, ilk məhkəmə iclası 11 oktyabr saat 14:30-da Səbail rayon məhkəməsində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top