“SOCAR Polymer” polietilenin qiymətini artırıb - Sahibkarlar zərərlə işlədiklərini deyir...


Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “SOCAR Polymer” şirkəti tərəfindən istehsal olunan polietilenin satış qiyməti kəskin artıb.
Bu barədə məlumat Yeniavaz.com-a Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasına üzv olan şirkətlərdən verilib.
Bildirilir ki, bu ilin əvvəlindən etibarən “SOCAR Polymer” şirkəti satdığı polietilenin qiymətini davamlı olaraq artırır. Son bir həftədə polietilenin qiyməti hər ton üçün 280 manat artıb. Hazırda “SOCAR Polymer” bir ton polietileni 3 280 manata təklif edir. Qeyd olunur ki, ilin əvvəlində bu qiymət təxminən 1 300 manat olub.
Polietilen alıcıları bildirirlər ki, qiymətlərin bu cür kəskin artması nəticəsində şirkətlər artıq zərərlə işləməyə başlayıblar. 
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov qiymətlərdə artımın olmasını təsdiqlədi.
SOCAR rəsmisinin sözlərinə görə, qiymət artımının səbəbi dünya bazarlarında bu növ məhsulların qiymətinin artması ilə bağlıdır: “Azərbaycanda neft-kimya məhsullarının qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənmir. Bu məhsulların qiyməti bazar şəraitindən asılıdır. Yəni, dünya bazarında qiymət nədirsə daxildə də odur. “SOCAR Polymer”dən bu məhsulları alan şirkətlər “SOCAR Polymer”dən əvvəl də bu məhsulları alıblar. O zaman xaricdən idxal olunan məhsulları dünya bazarlarındakı qiymətlərə uyğun alırdılar. Hazırda bəzi şirkətlər bu məhsulu yenə də xaricdən idxal edir”.
İbrahim Əhmədov bildirdi ki, əgər dövlət bu məhsulların qiymətini tənzimləyərsə “SOCAR Polymer” qəbul olunan tarifə uyğun satış həyata keçirəcək: “Onu da qeyd edim ki, “SOCAR Polymer” tam SOCAR-ın mülkiyyətində deyil. Bu səbəbdən də qiymət dəyişikliyi tək SOCAR-ın iradəsindən asılı olmur. Bu kommersiya layihəsidir. “SOCAR Polymer”də özəl şirkətlərin də payı vardır”.
Məlumat üçün qeyd edək ki, “SOCAR Polymer” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətdən verilən məlumata görə Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Yüksək Sıxlıqlı Polietilen zavodu 2019-cu ildən fəaliyyət göstərir və zavodun illik istehsal gücü 120 000 ton təşkil edir. 
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi bu ilin ilk 8 ayı ərzində xarici ölkələrə 104 milyon 917 min dollar dəyərində 90 min 602,43 ton polietilen (ilkin formada) ixrac olunduğunu bildirir. Bu isə o deməkdir ki, ixrac olunan polietilenin 1 tonunun gömrük dəyəri 1968 manat (1158 dollar) olub. Bu ilin yanvar ayında isə ixrac olunan polietilenin 1 tonunun gömrük dəyəri 1626,6 manat (966,8 dollar) olub. Rəqəmlərdən də göründüyü kimi ixrac olunan polietilenin 1 tonunun gömrük dəyəri ilin əvvəlindən ötən 7 ayda təxminən 21% artıb.

A.  Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top