Əli Həsənov: "Əliyevlərsiz Azərbaycan olmaz və olmayacaq!”


“Siz bu torpağın sahiblərinin, sakinlərinin 28 illik itirilmiş sakinliyini, sahibliyini özünə qaytardınız. Bu elə bir Qələbədir ki, bunun dünya tarixində bənzəri olmayıb və olmayacaq”. 

Yeniavaz.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Baş nazirin sabiq müavini Əli Həsənov Cəbrayılda Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşündə deyib. 

Əli Həsənov bildirib ki, o hərbi əməliyyatların dünya hərb tarixində bənzəri yoxdur: “Olmayacaq ona görə deyirəm ki, bu gün dünyada 70-ə qədər belə münaqişə var. Əgər kimsə bunu edə bilərdisə, hansı dövlət başçısı bunu həll edə bilərdisə o münaqişələri həll edərdilər, çünki o cür dövlət başçısı, o cür dövlət rəhbəri hansı ki, o xasiyyət, o qabiliyyət, o bacarıq, o siyasət, o dünyagörüşü, o mərdlik, o cəsarət Sizdə var, onlarda yoxdur, olsaydı edərdilər. Bəlkə bundan sonra ola bilər kimsə həvəsə düşsün, amma düşməsin, uduzacaq, onların hər biri İlham Əliyev ola bilməz. Elə bilməsinlər ki, bu, asandır.

Siz hərb tarixinə yenilik gətirdiniz. Siz Azərbaycana çox yenilik gətirmisiniz, artıq çox Azərbaycan modelləri var, bütün o brendlər ki var, onların hamısının müəllifi Sizsiniz. Dünya hərb tarixinə yeni bir model - Azərbaycan modeli gətirdiniz. 44 günlük hərbi əməliyyatlar yeni hərbi brenddir, o, cənab İlham Əliyevin brendidir. Ona görə, böyük Qələbəmiz münasibətilə Sizi bir daha təbrik edirik, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, qələbələr arzu edirik. Biz əminik ki, bu, belə də olacaq.

2003-cü ildəki görüşdə Siz dediniz ki, mənim bir arzum var, hesab edirəm, bu, hamının arzusudur. Torpaqları işğaldan azad edib, Cəbrayıla gəlib, sizin qonağınız olacağam. Düzdür, bu gün bir balaca fərqli oldu, biz Sizin qonağınız olduq. Görünür, belə də olmalı imiş”.

Baş nazirin sabiq müavini 10 noyabr Bəyanatından da danışıb: “Düzdür, onu siyasətçilər geniş təhlil edirlər, ancaq mən hesab edirəm ki, o da Sizin siyasətinizin gücü idi - üç ölkənin bir yerə gəlməsi, Rusiyanın vasitəçilik etməsi. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla Sizin Şuşa Bəyannaməniz də tarixi hadisədir. Özünüz də qeyd etdiniz ki, həqiqətən son 100 ildə Türkiyə ilə Azərbaycan arasında belə milli birlik, qardaşlıq olmayıb. Bu, son 17 ildə Sizin, o cümlədən cənab Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətiniz dövründə daha yüksək zirvəyə qalxdı. Bu gün biz hər şeyi açıq deməliyik. Bu gün gənc nəsil bilməlidir ki, biz haradan haraya gəlmişik. Siz bu tövsiyələri həmişə edirsiniz. Çünki çox təəssüflər olsun, bugünkü gənc nəslin beynini korlayanlar da var. Ona görə də, nə olub, hansı nailiyyətlər olub, necə qazanılıb, Ulu Öndərin 1969-cu ildən gördüyü işləri hamı bilməlidir. Əslində, bu hazırlıq 50 ildir gedirdi, amma Siz onu 17 ildə bu zirvəyə çatdırdınız.

O nə millətdir ki, onun dini rəhbəri faşizm ideologiyasını təbliğ edir. Bundan millətmi olar? Dünyada bu cür ikinci millət harada var ki, gənclərinin beynini, ruhunu faşizm ideologiyası ilə korlasın. Siz bunların hamısını məhv etdiniz. Ermənilərin qaməti bundan belə heç vaxt düzəlməyəcək. Bizim əyilmiş qamətimizi düzəltdiniz. Biz başıaşağı gəzirdik, başımızı dikəltdiniz. Siz elə bir şöhrət qazanmısınız, elə bir Qələbə çalmısınız, Azərbaycan xalqına elə bir sevinc bəxş etmisiniz ki, onun əvəzi yoxdur, olmayacaq, bənzəri də dünya tarixində olmayacaq.

Var olun, sağ olun, Sizə möhkəm cansağlığı, yeni qələbələr, yeni uğurlar arzulayırıq.

Sonda mən öz sözümü deyirəm, bir cümlə deyəcəyəm, 10 saniyə vaxtınızı alacağam. 2001-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının II qurultayı idi. Orada çıxışımın sonunda bir cümlə işlətdim, qurultaya aidiyyəti də yox idi. Dedim, bütün Azərbaycan xalqı deyir ki, Şuşasız Qarabağ olmaz, Qarabağsız Şuşa olmaz, mən isə deyirəm ki, Əliyevlərsiz Azərbaycan olmaz və olmayacaq!”

DİGƏR XƏBƏRLƏR

Top