Baş Prokurorluq "Günay Bank"ın iddialarına cavab verdi


Baş Prokurorluq “Günay Bank"ın iddialarına cavab verib.

Qurumun mətbuat xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda deyilir:

“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olan məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Bu gün “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə R.Hüseynovla bağlı yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsinin olmadığını bildirilib.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olan əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə Rauf Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib, aşkar edilən cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanıb və yalnız bundan sonra, yəni, 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunan məlumatları yaymaqdan çəkinməyə çağırır".

DİGƏR XƏBƏRLƏR

Top