Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşdü - FOTOLAR


Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin Müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətlərimiz arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib.
General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.
Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb.
Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top