Ölkə başçıları, milyarderlər və məşhurlara aid gizli "Pandora Sənədləri" ortaya çıxdı – SİYAHI


Siyasətçilər, milyarderlər, məşhurlar və narkotik alverçiləri də daxil olmaqla dünyanın ən varlı adamları və ailələrinə aid gizli sənədlər ortaya çıxıb.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, "Pandora Sənədləri"nə 330-dan çox indiki və keçmiş siyasətçinin gizli hesabları, xaricdə aldıqları mülkləri və sair fəaliyyətləri daxildir. Həmin siyasətçilər arasında İngiltərənin keçmiş Baş naziri Toni Bleyr, Çexiya Baş naziri Andrey Babiş və Rusiya Prezidenti Vladimir Putinin köməkçiləri və daha bir neçə ölkə başçısı və ailəsi də var. Dünyanın 14 firmasından əldə edilən təxminən 12 milyon sənədin araşdırılmasına yüzlərlə jurnalist cəlb edilib. Sənədlərdə adı çəkilən şəxslərin sahib olduqları malikanələr, yaxtalar, gizli sərmayələri, vergidən yayınmalar və sair məlumatlar qeyd edilib.
"Pandora Sənədləri” ilə ortaya çıxan məlumatlarda Çexiyanın baş naziri Andrey Babişin 2009-cu ildə Fransanın Mouqins şəhərində böyük bir villa almaq üçün 22 milyon dollar ödədiyi, İngiltərənin sabiq baş naziri olan Toni Bleyrin 2017-ci ildə İngiltərə Virgin Adaları şirkətini satın alaraq 8,8 milyon dollarlıq  Viktoriya binasına sahibi olduğu və bu binada onun həyat yoldaşının hüquq firmasının yerləşdiyi bildirilir. Həmin prosesdə Bleyr ailəsinin 400 min dollardan çox vergi qaçırdığı vurğulanır.
Bəhs edilən sənədlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidentinin də adları var. İddiaya görə, İlham Əliyev və ailəsinin adına xarici ölkələrdə çox sayda daşınmaz əmlak var. Həmin sənədlərdə türkiyəli milyarder və inşaatçı Erman Ilıcakın adı da var. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə tikilən prezident iqamətgahını inşa edən şəxsdir. “Rönesans Holding” başçısı Erman Ilıcakın iki xarici şirkətlə əlaqəsi olduğu və hər ikisinin 2014-cü ildə anası Ayşe Ilıcakın adı ilə qeydiyyata alındığı bildirilir.
“Pandora Sənədlərində” bəzi məşhur adlara da rast gəlmək mümkündür. Bunlar arasında məşhur müğənni Şakira, almaniyalı model Klaudiya Şiffer, tanınmış italiyalı mafiya lideri Raffaele Amato da var.
“Pandora Sənədləri” eyni jurnalist qrupu tərəfindən tərtib edilən "Panama Sənədləri" adlı 2016-cı ildə yayımlanan oxşar bir layihənin davamıdır.
Sənədlərin əksəriyyətin 1996-2020-ci illəri əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Top