"Bizim Gəncəyə gəlməyimizin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri və nümayəndə heyətləri kimi Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin yerində araşdırmaqdır".
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Gəncədə keçirilən mətbuat konfransında deyib.
"Biz artıq üç gündür, Azərbaycandayıq. Bura gələrkən Ombudsman, bir çox dövlət məmurları ilə görüşdük. Əsas məqsəd Azərbaycan xalqına qarşı törədilmiş hadisələr bağlı məlumat əldə etməkdir. Biz Bakı səfərindən sonra Ağdam şəhərinə baş çəkdik. Ağdama daxil olanda ermənilər tərəfindən dağıdılmış evləri, obyektləri, muzeyləri müşahidə etdik. İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti kimi bizim əsas missiyamız ondan ibarətdir ki, gördüyümüz faktları yerində araşdıraq. Ağdam şəhərində daxil olanda erməni vandalizminin şahidi olduq. Burada ermənilər tərəfindən sökülmüş və yandırılmış evləri gördük. Gördüklərimizin hamısı bizdə olduqca pis təəssürat yaratdı. Ağdamdakı sökülmüş muzeylər tarixə hörmətsizlikdir. Daha sonra Tərtər rayonunda olduq. Orada məktəblərin raket atəşinə tutulması əlbəttə ki, mülki əhaliyə qarşı beynəlxalq insan hüquqlarının pozulması deməkdir. Bunların hamısı məyusluq hissi yaradır", - deyə sədr bildirib.
O həmçinin Ağdam şəhərində minalanmış əraziləri öz gözləri ilə gördüyünü qeyd edib və əlavə edib ki, həmin ərazilər olduqca təhlükəlidir.
"Ümid edirik, Azərbaycan hökuməti işğaldan azad olunmuş torpaqlarında bərpa işlərini qısa bir zamanda uğurla həyata keçirəcək. Bizdə olan məlumatlara görə, ermənilər sülhün bərqərar olunmasından sonrada yenidən qonşuluq, dostluq əlaqələrini bərpa etməyə hazırdırlar", - komissiyanın sədri bildirib.
Sədr əlavə edib ki, Azərbaycana səfərin əsas məqsədi bütün faktları yerində araşdırıb, onları sənədləşdirib, şəkillər, video-sübutlar əldə edib, yığılmış materiallar əsasında hesabat hazırlamaqdır. Sonradan həmin bəyannamə bütün beynəlxalq və müstəqil qurumlara göndəriləcək.