Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkar edilib - FOTOLAR


Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanası, Cərimə Təcridxanası, rejim korpuslarına, kitabxana, istirahət otağı, Tibbi Sanitar Hissəyə, uzun müddətli və qısa müddətli görüş otaqlarına, mətbəxə baxış keçirilib, bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.
Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlığın olduğu, həbs edilmiş yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslə bir kamerada saxlanıldığı, İstintaq və Cərimə Təcridxanalarında yataq ləvazimatlarının çirkli və bir hissəsinin yarasız vəziyyətdə olduğu, Tibbi Sanitar Hissədə həkim çatışmazlığı müəyyən edilib.
Daxil olmuş müraciətlər yerində araşdırılıb, hər bir müraciət üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub. Təqsirləndirilən şəxslər və məhkumlar müraciətlərinin araşdırılmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.
Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanma şəraiti və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.

DİGƏR XƏBƏRLƏR

Top