Spirtli içkilərin insanlar üzərindəki mənfi təsirləri


Avropalılar spirtli içkilərin əldə edilmə metodlarını Əndəlüs ərəblərindən öyrənmişdilər.
Yeniavaz.com
xəbər verir ki, bu gün istifadə olunan “alkoqol” kəlməsinin mənşəyi də ərəb dilindəki “əl-kuhl” sözündən gəlir. “Əl-kuhl” kəlməsi ərəb dilində sürməyə, yəni qadınların qaşlarına, gözlərinə çəkdikləri qara boyaya (antimon sulfid) verdikləri bir ad idi. Sonraları “əl-kuhl” yanıcı və uçucu xüsusiyyəti olan bütün maddələrə verilən bir ad olmuş və spirt mənasında işlədilmişdir. Bu mənada “əl-kuhl” ifadəsi avropa dillərinə “alcohol”, “alcool”, dilimizə də “alkoqol” olaraq daxil olmuşdur. Beləliklə, Qərb kimyagərləri və həkimləri, insanların min illərdir hər yerdə axtardıqları “abi-həyatı” tapdıqlarına inandılar və bu yeni üsulla müxtəlif bitkilərdən spirt dərəcəsi yüksək içkilər hazırlamağa başladılar. Qərb mənşəli “ispirto”, “spirito” sözlərinin kökü də Latın dilindəki “can”, “ruh”, “həyatın özü” mənalarına gələn “spiritus” sözündən götürülüb.
Bu gün dünyanın hər yerində insanlarda asılılıq, aludəçilik və sui-istifadə halları ortaya çıxaran və ən çox yayılmış alkoqol maddəsi, alkoqollu içkilər hesab edilir. Alkoqollu içkilərə baxış insanlıq tarixi boyunca müxtəlif olmuş, ABŞ-da 1920-1933-cü illərdə alkoqollu içkilərin istehsal və istehlakı dövlət tərəfindən qadağan edilmiş, Sovet İttifaqında isə Qlasnost siyasətindən əvvəlki illərdə dövlət tərəfindən təşviq edilmişdir.
Alkoqollu və ya spirtli içkilərdən istifadə və bunun törətdiyi sosial, maddi və mənəvi fəsadlar bu gün dünyanın ən ağrılı problemlərindən birinə çevirilmişdir. Spirtli içkilərdən istifadə insanların həm fərdi, həm də sosial həyatlarında sağlamlıqla bağlı problemlər, yol qəzaları, intiharlar, hüquq pozuntuları və cinayətlərin artması, ailələrin dağılması, iş həyatına mənfi təsirləri, müxtəlif iqtisadi problemlər və s. kimi bir çox bərpası çox çətin, ya da mümkün olmayan fəsadlara yol açır.
Spirtli içki qəbul edən insanın başlanğıcda kefli və nəşəli olduğu müşahidə edilir. Ancaq bir müddət sonra spirtli içki qəbul edənin yaddaşı zəifləyər, diqqətini bir yerə cəmləyə bilmir, fəhmi və bəsirəti tamamilə yox olar. Belə bir insan öz emosiyalarını idarə etməkdə aciz qalır, emosional pozğunluq yaşayar, belə bir psixoloji dəyişiklik isə davranış və idrak pozğunluğuna gətirib çıxarar.
Spirtli içki qəbul edən insanlar başlanğıcda çox danışan, söhbətcil, ya da bunun tam əksi, susqun, dinməz-söyləməz, yaxud sərt təbiətli, dava-dalaşı sevən, ya da gülmə və ağlama hisslərini bir-birinə qarışdıran, nə vaxt gülüb, nə vaxt ağlayacağını bilməyən tiplər halına gəlirlər.
Bəzi insanlarda spirtli içkinin təsiri qısa müddətdə müşahidə edilmir. Bu tip insanlarda spirtli içki əvvəlcə şən ovqat meydana gətirir. Ancaq sıxıntı, problem və qəzəbini idarə edə bilən bu şəxslər növbəti saatlarla spirtli içkinin insan bədənindəki özünə nəzarət mexanizmini iflic etməsi ilə kədərli, qəzəbli və aqressiv hala gəlirlər. Buna görə də içki masasının sonunda döyüş və davanın çıxması, içki süfrəsində cinayət hadisələrinin yaşanma halları o qədər də az deyil. Bəzi insanların az miqdarda spirtli içki qəbul etməsi isə özünə nəzarət mexanizminin aradan çıxması və davranışlarını idarə edə bilməməsi ilə nəticələnir.
Aparılan sosial araşdırmalara görə, aktiv spirtli içki istifadəçilərinin ən yüksək faizini 20-35 yaş arasındakı insanlar təşkil edir. Sonrakı yaş dövrlərində isə spirtli içkidən istifadə halları nisbətən azalmağa başlayır. İnsanlar 65 yaşdan sonrakı dövrlərdə isə spirtli içkidən çəkinməyə, istifadə etməməyə başlayırlar. Kimin alkoqol adlandırılacağı və kimin spirtli içki istifadəçisi hesab ediləcəyi bir az müzakirəli məsələdir. Əvvəla qeyd edək ki, spirtli içki istifadə edənlərin heç biri alkoqol olacağı, yəni spirtli içki aludəçisi halına gələcəyini düşünərək içməyə başlamırlar. Spirtli içkidən istifadə etmək insanda psixoloji və fizioloji bir ehtiyac halına gəlibsə, tez-tez və bol miqdarda spirtli içkidən istifadə halları yaşanırsa, spirtli içki qəbul edilməyəndə şiddətli bir ehtiyac yaranırsa, həmçinin spirtli içki qəbul edilməyəndə gündəlik həyatı davam etdirə bilməmək kimi bir vəziyyət ortaya çıxırsa, bu vəziyyət həmin şəxsin alkoqol, yəni spirtli içki aludəçisi olduğunu göstərir.

Mövzuya davam edəcəyik...

Qeyd: Yazının hazırlanmasında aşağıdakı qaynaqdan istifadə edilmişdir
https://islamansiklopedisi.org.tr/icki

Mustafayev Nazim.
 

DİGƏR XƏBƏRLƏR

Top