İlqar İsmayılovun məhkəməsində şahid: "Apardığım məbləğ 500 mindən yuxarı olurdu"


Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə 2006-2017-ci illərdə "İdeal"da işləmiş Həbib Qarayev dindirilib.
O bildirib ki, əvvəl mağazada inzibatçı kimi çalışıb: “Daha sonra mağazalardan pulu toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla məşğul olmuşam”.
Şahidin sözlərinə görə, bəzən də kredit ödənişləri və digər məsələlər üçün şirkətin kassasından ona vəsait verilirib və tapşırığı icra edib: "Şirkətin inkişafı, yeni mağazaların açılması və ya təmiri üçün pul şirkət üçün götürülən kreditlər İlqar İsmayılovun adına idi. Kreditlərin ödənişi üçün də kassadan pul verilirdi, aparıb ödəyirdim".
Daha sonra H.Qarayevə bankdan götürülən və "İdeal"ın kassasına mədaxil edilən 939 min dollar barədə qəbz təqdim olunub. H.Qarayev sənəddəki imzanın ona məxsus olduğunu təsdiqləyib.
H.Qarayev ifadəsində deyib ki, o, digər təsisçiyə çatası gəliri dəfələrlə aparıb, onun nümayəndəsi Fuad Əliyevə təqdim edib: "Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu”.
Daha sonra hakim elan edib ki, ittiham tərəfin şahidlərinin dindirməsi başa çatıb.
Ardınca vəkillər əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıb. İlk vəsatət digər təsisçisinin dindirilməsi olub.
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkillərin məhkəmədə dindirilməsini istədiyi digər şəxs isə Fuad Əliyev olub.
Vəsatət təmin olunmayıb.
Vəkillər həmçinin 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb.
Vəkil vurğulayıb ki, o zaman da iş adamı eyni ittihamla həbs olunub: "Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub".
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Vəkil İlhamə Həsənova bildirib ki, məhkəmə heç bir vəsaiti təmin etmədiyinə görə, məhkəmə tərkibinə yazılı etiraz təqdim edəcəklər.
Hakim isə söyləyib ki, vəkillər etirazı növbəti prosesdə təqdim edə bilər.
Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top