
"Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb".
Yeniavaz.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, digər qazilər kimi, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub:
"Ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib. Və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib.
Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə, ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək. Bununla belə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub".
*** 18:10
Sosial şəbəkədə Cəlilabad rayonundan olan Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun videomüraciəti yayılıb.
Yeniavaz.com "qafqazinfo”ya istinadla xəbər verir ki, qazi çətin vəziyyətdə olduğunu, müalicəyə ehtiyacı olduğunu qeyd edir.
“Döyüşlər başlayandan ailəmi, uşağımı atıb könüllü şəkildə döyüşlərə qatılmışam. Nə veteranlıq, nə də medal istəyirəm. Pul, maşın, ev, heç nə istəmirəm. Məni sağaldın, sağlamlığımı geri qaytarın...”
Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq qazinin müraciəti araşdırılıb və ona lazımi köməklik olunacaq:
“Qazi Fariz Ağayevlə bağlı sənədlər toplanıb. Sentyabrın 27-də təsdiqlənəcək və ona şəhadətnamə veriləcək. Bundan sonra ona əlillik təyin olunacaq. Həmçinin qazimizlə bağlı Məşğulluq İdarəsinə müraciət olunub. O, səhhətinin imkan verdiyi işlə təmin olunacaq”.
Müalicəsinə gəlincə isə, icra hakimiyyətindən bildirilib ki, qazinin bədənində hər hansı qəlpə yarası yoxdur, keçirdiyi sarsıntı ilə əlaqədar psixoloji problem yaşayıb. Hazırda müalicəsi davam etdirilir.
***15:10
Cəlilabad rayon Göytəpə şəhərindən olan Vətən Müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlu müharibədən bir ilə yaxın bir müddət keçməsinə baxmayaraq hələ də sağlamlığına qovuşmayıb.
Yeniavaz.com Realxeber.org-a istinadla xəbər verir ki, 31 yaşlı qazi sağlamlığına qovuşmaq və ailəsini dolandırmaq üçün köməyə ehtiyacı olduğunu bildirib:
“Qubadlının girişində minamyotun dalğasına düşdüm, ayağım tutuldu. Məni oradan qaytarmaq istəyirdilər, qayıtmadım. Muradxanlı kəndində yenə də minamyotun dalğasına düşdüm, belim tutuldu, qaldım orada. O vaxtdan indiyə qədər bütün hospitalları gəzmişəm. “Papanin”də də (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) yatmışam. Mənim rəisim yaxşı xidmət edib ki, ona bizim dövlətimiz kapitan rütbəsi verib. Kəşfiyyat bölük komandiri – Hüseynov İlqar, mən hələ də onun şarfını saxlayıram.
Yaralı bir əsgər var idi. Elə bilirdi mən ölmüşəm. Mən də hospitalda idim Sonradan mən qayınatama zəng vurub xəbər verdim. Axı mənim heç kimim yoxdur.
Mən fəxr edirəm ki, əsgər böyüdürəm. Kasıb oğlanam, bu vəziyyətdəyəm. Bunu mən yetişdirirəm, heç kimə gedib demərəm gətir pul mənə ver, oğlum acından ölür. Böyüyüb əsgər gedəcək, ona görə ki, mənim qardaşlarım orada rəhmətə gedib.
Düşüb çiyinlərdə bayraq gəzdirməklə deyildi, həmin oğlanlara deyirəm, yaxşıları çıxmaq şərti ilə, qeyrətləri varsa, anasız-atasız oğulu gəlib buradan götürsünlər, aparıb xəstəxanada sağaltsınlar. Nə medal, nə veteranlıq, istəyirəm. And olsun anamın goruna, heç nə istəmirəm. Gəl məni sağalt, deyirəm. Mənim sağlamlığımı geri qaytar. 31 yaşım var. Mən çəliklə gəzəndə döyüşə getməyən oğlanlar mənə gülür. Qayıdıb ona bir söz deyə bilmirəm. Azərbaycan millətinə səslənirəm, xahiş edirəm, gəlin məni sağaldın. Sağaldın, gedim oğlumu saxlayım”.