ETSN-dən Bakı-Sumqayıt yolundakı tıxacla bağlı açıqlama: “Qarayaxma kampaniyasıdır”


Xəbər verdiyimiz kimi, ötən gün sürücülər redaksiyamıza müraciət edərək nazirlərdən birinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçməsinə görə yolun DYP əməkdaşları tərəfindən bağlandığını iddia etmişdilər. Daha sonra isa Daxili İşlər Nazirliyindən saytımıza açıqlama verilmiş və iddiaların əsassız olduğu qeyd olunmuşdu.
Lakin daha sonra yerli KİV-dən bəziləri sürücülərin iddiasındakı nazirin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev olduğunu iddia etmişdi.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib. O bildirib ki, ekologiya və təbii sərvətlər nazirinin xidməti avtomobilinin Sumqayıt istiqamətindən keçəndə yolların bağlanması barədə yayılan xəbərlər doğru deyil:
“Məlumatın özündə nazirin adı olmadığı halda başlıqda necə bu adı hallandırmaq olar? Bu məlumatlar tamamilə uydurmadır, kimlərinsə açıq-açığına qarayaxma kampaniyasıdır.
Bu cür absurd fikirlərin cəmiyyətə təqdim olunması qeyri-ciddi yanaşma və problemi səhv istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu cür yalan məlumatları yayanlara deyəcək söz tapmıram”.

DİGƏR XƏBƏRLƏR

Top