Zubr və qonur ayıya işgəncə verilməsi haqqında sosial şəbəkələrdə görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "ecofront" səhifəsi feysbukda paylaşım edib:
"Bu zubr Xızıda "Cənnət bağı"nda nə gəzir? İsmayıllıda reintroduksiya edirlər, burada isə bu divarın dibində yazıq heyvana işgəncə verirlər. Bu zubrun mənbəyi araşdırılmalıdır. Hələ qəfəsdəki ayı. Qonur ayı yerli növdür və qırmızı kitabadır. Qəfəsdə saxlanması üçün heç bir prosedur yoxdur. Bu ayının da mənbəyi dəqiqləşdirilməlidir”.
Yayılan iddiaları dəqiqləşdirmək üçün adı çəkilə istirahət mərkəzi ilə əlaqə saxladıq. Cavab olaraq rəhbər şəxs Anar Rüstəmov bildirdi ki, biz o heyvanları açıq əraziyə buraxmaq istədik, amma yenidən geri qayıtdılar:
“Ayını qəfəsdə olmasa görə bilərsiniz? Ayı qəfəsdə olar. Onların bir neçəsi ovçulardan alınıb. 3-4-ü orada doğulub, böyüyüb. Biz onları çölə buraxmaq istəyirdik. Əfsuslar olsun ki, hazır yeməyə öyrəşiblər. Ona görə, təbiətə adaptasiya ola bilmədilər. Buraxdıq, yenidən qayıdıb gəldilər. Hətta bir dəfə yaddan çıxıb qapı açıq qalmışdı. Amma qəfəsdən çıxmamışdılar. Biz də mümkün qədər onların qəfəsini böyütdük. Heyvanlara baxan işçilərimiz və baytarımız var. Məcbur olub qəfəsin qabağına qoruyucu səd də çəkmişik ki, insanlar rahat görə bilsinlər. Altıağac milli qoruğu ilə bizdə heyvanlara qulluq eyni səviyyədədir. Hər yerdə ayını qəfəsdə saxlayırlar. Azərbaycanda o ayıları açıq əraziyə buraxsaq, onları qısa müddətdə ovlayacaqlar. Sadəcə kimlərsə əllərində sübut olmadan gedib nə isə yazırlar. Özləri evlərində heç itə də baxmırlar. Deyir ki, ayının saxlanma şəraiti pisdir. Necə olmalıdır? Ayı ilin 8 ayını yatır. Tənbəl heyvandır. Ceyran, cüyür deyil böyük ərazidə hərəkət edə, qaça. Zuburları isə Altaydan gətirmişik. Rusiyadan almışıq. Təzə vaxt iki dənə balası var idi. Onları da böyütdük. Gündə üç dəfə qidalanırlar. Böyük bir heyvandır. İnəklə eyni xidməti tələb edir. Sadəcə bu sağılmır. Şəkildə göstəriblər ki, dərisi baxımsızdır. Zubur dərisini milçəkdən qorumaq üçün torpaqda eşələnir ki, qoruyucu təbəqə yaransın. Bəziləri bunu başa düşmür. Deyir, dərisində qum varsa, heyvanlara zülm edilir. Özlərini lazımi maddələrlə təmin etmələri üçün mövsümə uyğun olaraq onların yemlərinə minerallar qatılır. Biz zubru Rusiyadan elə də ucuz qiymətə almamışıq. Ona lazımi qayğını göstəririk”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Yeniavaz.com-a bildirdi ki, araşdırma aparılacaq: "Nazirlik heyvanlara qarşı rəhmsiz davaranışları pisləyir. Belə hadisələr olduqda qanuna uyğun tədbirlər görülür".
Qasım Xuluflu