Tural Abbaslı: “Hökumət barışıq təklif etdi, biz də qəbul etdik”


 “Avropa Məhkəməsi bu gün Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərardadını elan edib. “Tural Abbaslı Azərbaycana qarşı” işi üzrə ərizə baxılacaq şikayətlərin siyahısından çıxarılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağəliyev sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, məhkəmə tərəflər dostca anlaşdıqlarına görə belə qərardad qəbul edib:
“Hökumət 3 ay içində T.Abbaslıya 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə 500 avro xərc, məsrəf əvəzi ödəməlidir”.
Ağ Partiyasının başqanı Tural Abbaslı sözügedən qərarla bağlı Yeniavaz.com-a danışıb və bildirib ki, həmin qərar 2013-cü ildə kütləvi aksiyalarda iştirakına görə onun barəsində tətbiq edilmiş inzibati xəta ilə bağlıdır:
“Mənim Avropa Məhkəməsində 3-4 işim var, dəqiq hansı iş olduğunu bilmirdim, vəkillə dəqiqləşdirdim.2013-cü ildə kütləvi aksiyalarda iştirakıma görə cərimə tətbiq olunmuşdu və biz etiraz əlaməti olaraq o cəriməni ödəməkdən imtina etmişdik. Ona görə hökumət bizə icbari əmək tətbiq elədi. Yəni cəriməni ödəyənə qədər məcburi şəkildə əmək fəaliyyəti ilə məşğul olmalı idik. Ondan şikayət vermişdik.
Bizə 2-3 ay öncə vəkil vasitəsilə hökumət barışıq təklif etmişdi. Biz də vəkillə məsləhətləşdik və hökumətin barışıq təklifini yanlışlarının, səhvlərinin etirafı kimi qəbul etdik. Onlar təzminat ödəməyi üzərlərinə götürdülər.
Bu məsələlərdə Azərbaycan iqtidarı, məhkəmə sistemi, Ədliyyə Nazirliyi dərs götürməlidir ki, insanlar Azərbaycan məhkəmələrində öz haqlarını müdafiə edə bilsinlər, öz hüquqlarını qorusunlar və Avropaya üz tutmasınlar. Məsələ oraya gedəndə Azərbaycan iqtidarı məcbur olur, gəlib barışıq təklif edir. Olmazmı ki, bunlar normal şəkildə öz məhkəmələrimizdə həll olunsun?
Məsələ budur. Vəkillər vasitəsilə onların üzrünü qəbul etdik və barışdıq”.
 

DİGƏR XƏBƏRLƏR

Top