"Dedi, protokola səbəb yazmıram, sabah rəisin qəbuluna girərsən" – İDDİA + DYP-dən AÇIQLAMA


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qeydiyyatda olan, Səbail rayon sakini Seyidov Lətif Nəriman oğlu Dövlət Yol Polisi əməkdaşlarının adi qayda pozuntusuna görə onu avtoxuliqanlıqda ittiham etdiklərini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən L. Seyidov bildirib ki, ona bununla bağlı protokol yazsalar da, protokolda səbəbi qeyd etməyiblər:
“Hadisə ötən gün – sentyabrın 15-də axşam saat 9-10 radələrində Səbail rayonunda baş verib. Belə ki, mən özümə məxsus “Hundai Elantra” markalı “99-RY-717” dövlət nömrə nişanlı avtomobillə Üzeyir Hacıbəyov küçəsində şəhərin mərkəzi istiqamətində hərəkət edərkən sağdakı zolağa keçdim və arxadan sürətlə gələn “Toyota Camry” markalı, “99” seriyalı və “999” nömrəli avtomobilin qabağına keçdim. Daha sonra isə işıqforda soldakı zolağa keçərək ona keçməsi üçün yol verdim. Həmin şəxs mənimlə yanaşı zolaqda avtomobili saxladı, mənə tərs-tərs baxdı və getdi. İşıqfordan təxminən 500-600 metr sonra DYP əməkdaşları məni saxladı. Mənə dedilər ki, maşını rəisin qabağına sürmüsən, səni avtoxuliqan kimi cərimə meydançasına aparacağıq. Məndən sənədlərimi tələb etdilər. Sənədlərimi təqdim etdim. Sonra avtomobili Bakı Dəniz Vağzalının arxasındakı cərimə meydançasına apardılar.
Daha sonra mənə protokol tərtib elədi, amma sadəcə avtomobilin nömrəsini və mənim mobil nömrəmi qeyd etdi. Dedi ki, səbəbini yazmıram, sabah Səbail rayon DYP idarəsində rəisin qəbuluna girərsən. Məni saxlayan polisin sürdüyü xidməti avtomobili “10 - YP - 252” nömrə nişanlı idi”.
L. Seyidov iddia edir ki, məsələ ilə bağlı müraciət etdiyi Daxili İşlər Nazirliyinin “102” xidmətindən isə ona avtomobilinin cərimə meydançasına aparılmasına görə tamamilə başqa səbəblər bildirilib:
“Mənə ən pis halda manevr qaydasını pozduğuma görə 40 manat cərimə yaza bilərdi. Mən növbəti gün bununla bağlı Daxili İşlər Nazirliyinin “102” və Baş Dövlət Yol Polisi İdarəsinin “902” qaynar xətlərinə müraciət etdim. Mənə “102”dən bildirdilər ki, guya mənim dönmə işıqlarım işləmirmiş və sənədlərim üzərimdə deyilmiş. Halbuki, avtomobilimin dönmə işıqlarında heç bir problem yoxdur və mən ötən gün polis əməkdaşları tələb edəndə sənədlərimi yerindəcə onlara təqdim etmişdim”.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, sürücü mətbuata ünvanladığı qaydada Səbail rayon DYP idarəsinə müraciət etməlidir:
“Məsələnin araşdırılması üçün sürücü eyni qaydada Səbail rayon DYP idarəsinə müraciət etsin. Araşdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top