Hikmət Hacıyev İran səfiri ilə 3 gündə niyə iki dəfə görüşüb?


Siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 3 gün ərzində İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə ikinci dəfə görüşməsi məsələsini şərh edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan politoloq bildirib ki, böyük ehtimalla birinci görüşün təşəbbüskarı səfir olub:
“Yəqin səfir Azərbaycan XİN-in növbəti notasını almaqdansa Hikmət Hacıyevin iradlarını dinləməyə üstünlük verib. Maraqlıdır, səfir “İran maşınları niyə Ermənistan üzərindən Azərbaycan ərazisinə qanunsuz yüklər daşıyırlar” sualına necə cavab verib? Əslində, səfir ona verilən birinci notadan sonra rəsmi Bakının narahatlığını Tehrana çatdırıb. Tehran notanı qulaqardına vuraraq Qarabağa yanacaq daşımağı davam etdirməklə Azərbaycandakı səfirini pis vəziyyətdə qoyub.
Görəsən, səfir bu dəfə Tehrandan hansı təlimatı və ya cavabı alıb ki, yenidən Hikmət Hacıyevlə görüşmək istəyib? Müsbət xəbər o olardı ki, Tehran Ermənistan üzərindən Qarabağa yük daşımayacağını vəd edib və səfir bu xəbəri Hikmət Hacıyevə çatdırıb. Tehran bunun qarşılığında İran yüklərinin Gorus-Qafan yolundan rahat keçməsini Bakıdan xahiş edə bilərdi. 
Birincisi, təminat yoxdur ki, hər hansı vəddən sonra da İrandakı mərkəzlər Qarabağ separatçılarına yanacaq daşımaqdan imtina etsinlər. Əks halda, Tehran səfirə Bakıda verilən birinci notadan sonra bu əməlindən çəkinməliydi. O ki qaldı, İran yük maşınlarından alınan gömrük rüsumuna burda da qeyri-adi heç nə yoxdur. Azərbaycan gömrükçüləri Azərbaycan ərazisində xarici yük maşınlarından rüsum alırlar. Əlbəttə, bu Ermənistana keçən İranın yük maşınları üçün qeyri-adi haldır, illər boyu istədiklərini Ermənistana və Qarabağa daşıyıblar. 
İran rəsmiləri və şirkətləri müharibədən sonra durumun dəyişdiyini anlamalı idilər. İrəvanın bu vəziyyətdən yeganə çıxış yolu ya Ermənistanı İranla birləşdirən altertaniv yol tikməkdir, ancaq ona xeyli maliyyə və zaman lazımdır, ya da Azərbaycan ərazisinə iddialardan əl çəkib sülh sazişini imzalamağa hazır olduğunu bəyan etməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top