Ermənistan polisi və təhlükəsizlik xidməti iranlı sürücülər üçün Gorus-Qafan yolunun müvəqqəti olaraq bağlandığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Ermənilər iranlı sürücülərə müraciət edərək alternativ olaraq torpaq yoldan istifadə etməyə çağırıb.
***14:10
Gorus-Qafan yolunda yoxlamanın başlamasına görə, tıxac əmələ gəldiyi bildirilib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bəzi iranlı sürücülər Azərbaycan torpaqlarından keçərkən qanuni şəkildə müəyyən edilmiş rüsumu vermədiklərinə görə, Ermənistan tərəfə buraxılmayıblar. Bu səbəblə yolda qalan sürücülər rəsmi şəxsləri Gorus-Qafan yolunu bağlamaqla hədələyirlər.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı açıqlama yayıb. Belə ki, Azərbaycan Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.