Avropa elektromobillərə keçir, Azərbaycanda hələ də "Aİ-95" və "Aİ-98" markalı benzin istehsal olunmur – SOCAR-dan AÇIQLAMA


Xəbər verdiyimiz kimi, bu gündən, yəni sentyabr ayının 15-dən Azərbaycanda "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı avtomobil benzini bahalaşıb. Yenilik haqqında sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də, Avropa ölkələrinin və tanınmış avtomobil brendlərinin tamamilə elektromobillərə keçidlə bağlı layihələr hazırladığı dövrdə Azərbaycanda hələ də "Aİ-95" və "Aİ-98" markalı benzinlərin istehsal olunmamasıdır.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Yeniavaz.com-a açıqlaması zamanı bildirib ki, Azərbaycanda “Avro-5” standartına cavab verən benzinin istehsalı 2022-2023-cü illər üçün nəzərdə tutulub:
“Neft Emalı Zavodunda modernizasiya layihəsi davam edir və modernizasiyanın əsas hədəflərindən biri zavodda istehsal edilən yanacağın keyfiyətini “Avro-5” standartına qədər artırmaqdır. Bununla yanaşı zavodun yeni konfiqurasiyası həm də daha yüksək oktanlı benzinlərin “Avro-5” standartı ilə istehsalına şərait yaradacaqdır. Hazırkı planlarımıza görə 2022-2023-cü illərdə artıq “Avro-5” standartına cavab verən dizel və benzinin istehsalı gözlənilir. O cümlədən də, “Premium” markalı benzinin istehsalı da mümkün olacaq.
İlkin mərhələdə "Aİ-92" markalı benzin də istehsal olunacaq, onun da keyfiyyəti artırılacaq. Hər iki benzin növü Azərbaycanda istehsal olunacaq. Belə bir məsələ nəzərdən keçirilir ki, gələcəkdə sırf "Aİ-95" markalı benzinin istehsalı üzərində fokslanaq, nəyə görə?
Ötən il Azərbaycanda istehlak olunan yanacağa nəzər salsaq, görərik ki, ölkədə istehlak olunmuş yanacağın 98 faizi dizel və "Aİ-92" markalı benzin olub. Bunlar da ölkə daxilində istehsal olunur. Ölkədə istehlak olunan yanacağın cəmi 2 faizi idxaldır. Bunlar da “Premium” və “Super” markalı benzinlərdir. Lakin “Premium” markalı benzinin istifadəsi artmaqdadır və biz görürük ki, dünyada bəzi ölkələr demək olar ki, ancaq premiumdan istifadə edirlər. İstisna deyil ki, bizim bazar da bu istiqamətdə inkişaf edə bilər. Gələcəkdə insanlar ancaq premium markalı benzindən istifadə etsə, biz tam olaraq “Premium” markalı benzinin istehsalına keçə bilərik”.
İ. Əhmədov bildirib ki, "Aİ-92" markalı benzinin "Aİ-95" markalı benzindən daha keyfiyyətsiz olması düşüncəsi yanlışdır:
“Bəziləri düşünürlər ki, "Aİ-95" markalı benzin "Aİ-92" markalı benzindən keyfiyyətlidir, bu belə deyil. Bu o demək deyil ki, dizelin oktanı aşağı olduğuna görə benzindən keyfiyyətsizdir. Hər bir avtonəqliyyat vasitəsinə uyğun olan yanacaq müəyyən olunur və bu həmin nəqliyyat vasitəsində qeyd olunur. Bu gün ölkədə olan avtoparka nəzər salanda görürük ki, avtoparka uyğun gələn benzin "Aİ-92"dir. Lap "Aİ-95" markalı benzin olsa belə, sürücü niyə vursun ki? Çünki nəqliyyat vasitəsini "Aİ-92" markalı benzin qane edir və ona uğun olan benzin budur. Başqa benzin vurulsa əks effekt də verə bilər".
İ. Əhmədov elektromobillərə keçid prosesinin hələ uzun müddət davam edəcəyini deyib və benzinə tələbat azalarsa onun ixrac olunacağını bildirib:
“Elektromobillərə keçid hələ davam edəcək. Avropa ölkələrində belə onillərlə davam edən bir prosesdir. 2050-ci ilə qədər bu, onsuz da tamamlanmayacaq. Nikbin proqnozlara görə növbəti 20-30 il ərzində belə ölkələrdə nəqliyyat vasitələrinin maksimum yarısı elektromobil ola bilər. İnkişaf edən ölkələrdə yəqin ki, bu nisbət daha aşağı olacaq.
Belə halda benzinlə işləyən maşınlara hələ çox uzun müddət tələbat olacaq. Azərbaycanda buna tələbat azalacaqsa biz benzini ixrac da edə bilərik. Necə ki, bu, keçmişdə olub. Son günlərdə benzini demək olar ki, ixrac etmirik. Çox az miqdarda, nadir hallarda ixrac olunur. Çünki ölkədə benzinə tələbat artıb. Və artmağa davam edir”.
Xatırladaq ki, bu gündən etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. Dəyişikliyə əsasən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN müəyyən olunub. Son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top