Peyğəmbərimizin (s.ə.s) dövründə hansı idman növləri vardı?


Həzrət Peyğəmbərimizin (s.ə.s) yaşadığı dövrə dini ədəbiyyatda Əsri-Səadət, yəni Səadət Əsri deyilir. Həmin dövrdə mövcud olmuş, eyni zamanda Allah Rəsulunun (s.ə.s) tövsiyə etdiyi idman növləri var ki, bu yazıda onlardan bəziləri haqda bəhs edəcəyik:
Atıcılıq: Müsəlmanların tarix boyu ən çox məşğul olduqları idman növlərindən biri atıcılıq olmuşdur. Bunun səbəbini aşağıdakı ayədə tapmaq mümkündür: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” (Ənfal, 8/60). Bu ayədə keçən “qüvvə” kəlməsini Həzrət Peyğəmbərimiz (s.ə.s) atıcılıq olaraq təfsir etmişdir (Əbu Davud, Cihad, 23).
Allah Rəsulu (s.ə.s) atıcılığı hər bir müsəlmanın hələ uşaq yaşında ikən öyrənməli, ölənə qədər də tərk etməməli olduğu bir bacarıq və idman növü kimi təşviq etmiş, vaxtın faydalı və səmərəli keçirilməsi üçün bu idman növü ilə məşğul olmağı tövsiyə etmişdir. Allah Rəsulu (s.ə.s) bir gün atıcılıqla məşğul olan bir qrupa rast gəlmiş, ayaqqabılarını çıxararaq atış sahəsində ayaq yalın gəzmiş və onlarla birlikdə olduğunu bildirmişdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) sadəcə atıcılıq təhsili almaqla bağlı təşviq və tövsiyələrini bildirməmiş, eyni zamanda özü də atış sahəsinə gedərək atıcıları seyr etmiş, hətta atıcıları seyr edərkən onlardan birinin tərəfini tutmuşdur (İbrahim Canan, Hz. Peygamberin Sünnetinde Terbiye, Ankara 1980, s. 256). O dövrün atıcılıq idman növləri arasında nizə ilə oynanan və xüsusilə Həbəşistan əsilli qaradərili insanlar arasında yayılan “Dirkələ” adlı bir idman növü də var idi (Muhamməd Hamidullah, İslam Peygamberi, II, 1142).
Səhabələr atıcılığa önəm verən, ox atan insanlar olmuşlar, hətta aralarında ox atma işini çox məharətlə yerinə yetirənlər belə vardı. Səhabələr müəyyən hədəf taxtaları, nişanlar qoyaraq uşaqlara da atış təlimləri keçmişlər. Bir dəfə Həzrət Peyğəmbərimizin (s.ə.s) tərbiyəsində böyümüş və ömrünün on ilə yaxınını Ona (s.ə.s) xidmət etmiş Ənəs ibn Malik (r.a) atıcılıqla məşğul olan və atış məşqləri edən uşaqların yanına gəlmişdi. Ənəs ibn Malik (r.a) uşaqların atıcılıq məharətlərini bir o qədər də bəyənməmiş, oradakı bir uşaqdan yayını alaraq bir neçə dəfə ox atmış, hədəfləri dəqiqliklə vurmuşdu. Qeyd edək ki, müharibələrin fiziki güclə aparıldığı dövrlərdə idmanla məşğul olmaq həm də müharibəyə hazırlıq mahiyyəti daşıyırdı.

Atçılıq: Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə at yarışları üçün xüsusi olaraq hazırlanmış hipodrom olmasa da insanlar tez-tez təşkil edilən at yarışlarına baxmağa gedirdilər. Tarixi rəvayətlərə görə, Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə iki növ at yetişdirilirdi. Bunlardan biri qaçış məqsədli, digəri isə başqa məqsədlə bəslənir və böyüdülürdü. Həmçinin o dövrdə dəvə və eşşək yarışları da keçirilmişdir. Ayrıca o dövrdə insanlar arasında da qaçış yarışları və müsabiqələr keçirildiyinə dair rəvayətlər vardır. Ticarət karvanlarının gəldiyi və gecələdikləri böyük ərazilər o dövdə bu kimi yarışlar üçün istifadə olunurdu. Allah Rəsulu (s.ə.s) vaxtaşırı qalibləri müəyyən etmək və hədiyyələr paylamaq üçün bu məkanlara gəlmişdir (Muhamməd Hamidullah, İslam Peygamberi, II, 1142). Bir dəfə Həzrət Peyğəmbərimiz (s.ə.s) Həzrət Əbu Bəkr (r.a) və Həzrət Ömər (r.a) ilə at sürməkdə yarışmışdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) bu yarışda onları üstələdi. Həzrət Əbu Bəkr (r.a) ikinci, Həzrət Ömər (r.a) üçüncü oldu (Ahmet Turan. İslamiyette Spor ve Önemi, Ankara 1988, s. 13).

Güləş Yarışları: Güləş Əsri-Səadət dövründə olduqca geniş yayılmış bir idman növü idi. O dövrdə güləş idman növündə keç kəsin qalib gələ bilmədiyi Rukanə adlı bir cəngavər və pəhləvan var idi. Həzrət Peyğəmbərimiz (s.ə.s) Rukanə ilə güləşmişdi. Rukanə İslamı qəbul etmək üçün Həzrət Peyğəmbərimizin (s.ə.s) onunla güləşməsini və bu güləşdə onu məğlub etməsini şərt qoydu. Həzrət Peyğəmbərimiz (s.ə.s) bu təklifi qəbul etdi və yarışda özünə çox güvənən Rukanəni güləşdə üç dəfə məğlub etdi. Rukanə də yarışın sonunda sözünü tutaraq müsəlman oldu (Əbu Davud, Libas, 21).
Səhabə övladları, ya da gənclik dövrünə hələ təzəcə qədəm basmış səhabələr Həzrət Peyğəmbərimizin (s.ə.s) hüzurunda bir-biriləri ilə güləşər, bununla da hərbi səfərlərdə iştirak edə biləcəklərini sübut etmək istəyərdilər. Bu nümunələr əslində çox dəyərlidir. Bu kimi misallar Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə güləşin nə qədər əhəmiyyətli olduğunu göstərir (Muhamməd Hamidullah, İslam Peygamberi, II, 1142).

Atletika (qaçış): Bu gün ən çox yayılmış idman növlərindən biri qaçışdır. Qaçış yarışları bu idmanla məşğul olanların sağlamlığı üçün faydalı olmaqla yanaşı, onu izləyənlər üçün də həyəcan verici, rahatladıcı və əyləncəlidir. Həzrət Peyğəmbərimiz (s.ə.s) həyat yoldaşı Həzrət Aişə (r.anhə) ilə qaçış yarışı etmiş, bu cür yarışları təşviq etmiş və səhabələr də öz aralarında belə yarışlar keçirmişlər (Əbu Davud, Cihad, 68). O dövrün qadınları ümumiyyətlə heç bir idmanla maraqlanmırdılar. Ancaq qaynaqlarda Allah Rəsulunun (s.ə.s) Həzrət Aişə (r.anhə) ilə birgə həyatında ən azı iki dəfə qaçış yarışı keçirdiyi qeyd edilir. Bunlardan birincisində Həzrət Aişə (r.anhə) qalib gəlmiş, bir neçə il sonra növbəti belə bir yarışda ehtimal ki, Həzrət Aişənin (r.anhə) bədən çəkisinə görə bu dəfə yarışda Allah Rəsulu (s.ə.s) qalib olmuşdur (Məhəmməd Həmidullah, İslam Peyğəmbəri, II, 1143).

Üzgüçülük: Həzrət Peyğəmbərimiz (s.ə.s) uşaqlıqda anası ilə birlikdə getdiyi Mədinədə üzməyi öyrənmişdir. Allah Rəsulunun (s.ə.s) buyurduğu üzrə, bir atanın övladına öyrətməli olduğu işlər arasında yazı yazmaq və atıcılıqla yanaşı üzgüçülük də vardır. Allah Rəsulunun (s.ə.s) yaxınlıqda dəniz, göl və axar çayın olmadığı Məkkə və Mədinə kimi bir mühitdə üzməyi öyrənməyi tövsiyə etməsi diqqətə layiq məsələdir. Allah Rəsulu (s.ə.s) uşaqlıqda Mədinəyə anası və onların köməkçisiÜmmü Eymənlə getmişdi. Bu səfər zamanı Allah Rəsulu (s.ə.s) burada bir su hovuzunda üzməyi öyrəndi. Allah Rəsulu (s.ə.s) üzməyi öyrənməklə yanaşı, üzməyi öyrənməni və öyrətməni də təşviq etmişdir: “Övladlarınıza ox atmaq, at sürmək və üzməyi öyrədin” (Tayalisi, Sünən, 2096). Bu hədisdən uşaqlara üzgüçülüyün öyrədilməsinin tövsiyə edildiyini görürük.

Yazının əvvəlini buradan oxuya bilərsiniz.

Qeyd: Yazının hazırlanmasında bu qaynaqdan istifadə edilmişdir:

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top