Xalq arasında belə bir deyim var: “Sağlam ruh sağlam bədəndə olar”. Mahiyyətcə bu sözə bənzər mənaya gələn bir hədisdə də Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Güclü mömin zəif mömindən daha fəzilətlidir” (Müslim, Qədər, 34). Bu hədisdən yola çıxaraq deyə bilərik ki, möminlərin hər cəhətdən, misal üçün maddi və mənəvi baxımdan güclü olmaları təşviq edilmiş, idman baxımından və fiziki cəhətdən də sağlam bədənə sahib olmaları istənilmişdir.
Uca dinimiz İslama görə, fiziki cəhətdən sağlam və güclü bir bədən quruluşuna sahib olmağı yalnız savaş və ya müharibə şəraiti ilə əlaqələndirmək, yalnız düşmənlə vuruşa bilmək üçün lazım olan bir xüsusiyyət kimi anlamaq doğru olmaz. Çünki İslama görə əsas olan savaş deyil, sülh və barışdır. Bu baxımdan hədislərdə qeyd edilən daha fəzilətli mömin bir sıra maddi və mənəvi xüsusiyyətlərə sahib olmaqla yanaşı fiziki cəhətdən də güclü olan mömindir. İslama görə, bunun ən doğru yolu da məşru hesab edilən idman növlərindən hər hansı biri və ya bir neçəsi ilə məşğul olmaq, dinin buyurduğu mənəvi tərbiyə ilə yanaşı, bədənin tərbiyəsi olan idmanla da məşğul olmaqdır. İdman və bədən tərbiyəsi həm İslam Peyğəmbərinin (s.ə.s) həyatında, həm də gətirdiyi dinin əsas buyruqlarında çox mühüm yerə sahibdir.
Fərdi idman fəaliyyətləri: Müsəlmanın, ümumiyyətlə hər bir insanın normal və gündəlik həyatında məşğul olması gərəkən bəzi fərdi idman fəaliyyətləri vardır. Bunlara dövrə və şəraitə uyğun olaraq gündəlik gəzinti və ya yürüş etmək, xüsusilə hədislərdə buyrulduğu üzrə at sürmək və ya miniciliklə məşğul olmaq, velosiped sürmək və s. kimi məşğuliyyətləri aid etmək olar. Müsəlman bir fərd şəxsi həyatında bu kimi fərdi idman fəaliyyətləri ilə məşğul olmağa çalışmalı, daim fiziki sağlamlığının keşiyində durmalıdır. Cənab Allahın (c.c) vermiş olduğu bu can əmanətini hər kəsdən əvvəl məhz elə müsəlman qorumalı, bədəninin sağlamlığına riayət etməlidir. Bu can və bədən əmanətini qorumamaq, onun sağlamlığına əhəmiyyət verməmək, bədən üzvlərini öz funksiyalarını yerinə yetirə bilməyəcək şəkildə hərəkətsiz və tənbəl buraxmaq əmanətə xəyanət etmək mənasına gəlir.
Sosial yönümlü idman növləri: Fərdi idman növləri ilə yanaşı, bəzi idman növlərini sosial yönümlü idman növləri hesab etmək olar. Əslində günümüzdə idman fəaliyyətləri daha çox sosial yönümlü formada, ictimai fəaliyyətlər çərçivəsində aparılır. Məhz buna görə də demək olar ki, bütün dünyada idman salonları və stadionlar elə qurulmuşdur ki, nəinki idmanla fəal məşğul olanlar, həm də sözügedən idman yarışlarını izləmək istəyənlər də burada tamaşaçı qismində iştirak edə bilirlər. Günümüzdə bəzi mənfi halları istisna etsək, idman fəaliyyətləri demək olar ki, fərqli cəmiyyətlərin, millətlərin, müxtəlif ölkə vətəndaşlarının bir-biriləri ilə tanış olmasına vəsilə olan, birlik və həmrəylik ruhunun önə çıxdığı formada təşkil edilir. Futbol, basketbol, həndbol, voleybol, güləş, boks, karate kimi idman növləri fərdi və milli olmaqdan başqa beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyətlərə çevrilmişdir. Bütün bunlar sosial fəaliyyətlər baxımından idmanın nə qədər vacib olduğunu göstərir.
Günümüzdə ölkəsindən asılı olmayaraq hansısa idmançı normal rəqabət apara bilmədiyindən daha yüksək xal toplamaq üçün, ya da başqa səbəblərə görə qeyri-qanuni yollara əl ataraq dopinqdən və ya bu kimi preparatlardan istifadə edir, “uğur” qazanmaq istəyir. Ancaq unutmamalıyıq ki, əsl uğur süni yollarla, qeyri-qanuni üsullarla deyil, alın təri, peşəkarlıq və idmançının öz bacarığı ilə əldə edilən uğurdur. Bu baxımdan idmançıya hər zaman əlavə güc və motivasiya lazımdır ki, bu da dopinqlə əldə edilən güc deyil, mənəvi güc və motivasıyadır. Belə bir mənəvi güc və motivasiyaya sahib olan idmançı həmişə çevik, cəld və zirək olar. Əks halda bədənə dopinq təsiri verən hansısa preparatları qəbul edərək rəqibinə qalib gəlmək uca dinimiz İslama görə də halal, həmçinin etik və əxlaqi normalara sığan davranış deyil.
Yazının əvvəlinə buradan baxa bilərsiniz.
Qeyd: Yazının hazırlanmasında bu qaynaqdan istifadə edilmişdir:
Nazim Mustafayev