Sumqayıtda havaya zəhərli qaz buraxan zavodla bağlı SOCAR-dan AÇIQLAMA + VİDEO


Sosial şəbəkələrdə Sumqayıt şəhərində istehsal müəssisəsindən havaya külli miqdarda zəhərli qazın buraxılmasını əks etdirən kadrlar yayılıb. Kadrlarda qara rəngli tüstünün istehsal müəssisəsindən şəhərin səmasına yayıldığı müşahidə edilir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, sözügedən müəssisə SOCAR-a məxsus Etilen-polietilen zavodudur. Qeyd edilib ki, sözügedən tüstünün havaya buraxılması bir müddətdən sonra dayandırılıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Yeniavaz.com-un məsələ ilə bağlı sorğusunu cavablandırıb və bildirib ki, sözügedən boru yalnız zəruri hallarda işə salınır: ""Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda texnoloji rejimin dəyişməsi üşün səhər saatlarında müvafiq boru müvəqqəti işə salınmışdır. Cəmi bir neçə saat işləyib, sonra normal və tüstüsüz iş rejiminə qaytarılıb. Neft-kimya zavodlarında mövcud olan bu cür borular təhlükəsizliyin təmin olunması və ya texnoloji keçid proseslərində yaranan tüstünün müvəqqəti buraxılması üçün bir qayda olaraq nəzərdə tutulub. Bu əksər zavodların standart konfiqurasiyasında nəzərdə tutulmuş bir funksiyadır və yalnız zərurət halında qısamüddətli olaraq tətbiq olunur".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top