Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə İrandan Gorus-Qafan yolu ilə Qarabağa qanunsuz yükdaşımanın əks olunduğu kadrlar yayılmışdı. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmış və belə halların qarşısının alınmasını xahiş etmişdi.
Lakin Müdafiə Nazirliyinin xahiş etməsi sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Belə ki, bir çox istifadəçi Müdafiə Nazirliyinin xahiş etməsini düzgün hesab etmədiklərini bildiriblər.
Yeniavaz.com-a açıqlama verən millət vəkili Aqil Abbas Müdafiə Nazirliyinin belə halların qarşısının alınması ilə bağlı xahiş yox, Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı Qüvvələrin Komandanlığından tələb etməli olduğunu deyib: “Mənim fikrimcə "tələb edilir" olmalıdır. Sülhməramlıların missiyaları var, onlar o missiyanı yerinə yetirmirlər. Müdafiə Nazirliyi də bunu onların diqqətinə çatdırıb. Görünür, birinci dəfə olduğu üçün xahiş ediblər, yəqin ikinci dəfədə tələb qoyacaqlar, üçüncü dəfədə yolu bağlayacaqlar. Amma mənim nəzərimdə bu, sülhməramlıların qarşısında tələb kimi qoyulmalıdır”.
Şahmərdan Əhmədli