“Pfizer” peyvəndi vurdurarkən çaşmayın, üzərində belə yazılır - FOTO


Artıq 2 ilə yaxındır ki, yeni növ koronavirus dünyada yayılmaqda davam edir. Bu günə qədər dünyada COVİD-19 səbəbilə 4 milyon 632 min 282 nəfər ölüb, 224 milyon 729 min 968 nəfər isə həmin xəstəliyə yoluxub. Və bu gün də dünyada yoluxma və ölüm halları davam edir. Vaksin isə pandemiya yayılmağa başlayandan təxminən bir il sonra hazır oldu. Bu gün dünyanın demək olar ki, hər yerində vaksinasiya prosesi davam edir. Kifayət qədər ölkədə əhalinin təxminən 90 faizi peyvənd vurdurub. Ancaq, bütün bunlar yoluxmanı azaltmır.
Bəs, onda bütün tədbirlər, əziyyətlər, məhdudlaşdırmalar nə üçündür? Bunu izah etməzdən əvvəl bir neçə ölkədə vaksinasiya ilə bağlı məlumatları paylaşmaq istəyirəm. Misal üçün İsraildə təxminən 10 milyona yaxın insan yaşayır. Orada vurulan vaksinlərin ümumi sayı 14,2 milyonu keçib. Əhalinin 5,52 milyonu tam şəkildə peyvənd olunub. Bu da ölkənin 61 faizi deməkdir. Son sutkada İsraildə 5 min 379 nəfər koronavirusa yoluxub, 52 nəfər həmin xəstəlikdən vəfat edib. Ümumi yoluxma isə may ayından başlayaraq artaraq davam edir. Misal üçün may ayında İsraildə gündəlik yoluxma 3-50 nəfər arasında dəyişirdisə bu rəqəm sentyabrda 5 mini ötüb. Eyni statistikanı ABŞ, İran, Türkiyə, İspaniya, Rusiya və dünyanın əksər ölkələri barədə də demək olar. Və qeyd etmək lazımdır ki, son 3-4 ayda dünyada təkcə koronavirusa yoluxma halları artmayıb. Peyvənd olunanların da sayı çoxalıb. Onda sual ortaya çıxır ki, nə üçün peyvənd yoluxmanı azaltmır? Bu məsələni tibb mütəxəssisləri bir neçə ay əvvəldən qeyd ediblər. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri dünyada 100 faizli qoruyan hər hansı peyvəndin olmadığını deyiblər. Bu səbəblə, istər tam peyvənd olunan, istərsə də tək doza vurulan insanlar arasında koronavirusa yoluxanlar olacaq. Peyvənd yoluxmanı azaltmırsa, onda nə üçün vaksin olunmalıyıq?

1.    Yoluxanda orqanizm xəstəliyi daha yüngül keçirir. 
2.    Virusun bədəndə sıxlığı azalır, nəticədə başqalarını yoluxdurma riski azalır.
3.    Xəstəlik ağırlaşmadığına görə, ölüm halları azalır.
4.    Yoluxan şəxslərin xəstəxanaları doldurmalarına ehtiyac qalmır. 
5.    Yüngül keçirdiyimizə görə, müalicə olunanda onlarla dərmanı qəbul etməyimizə ehtiyac qalmayacaq. 
6.    Pulumuz cibimizdə qalır.
7.    Cəmiyyətdə bilmədən kimlərisə koronavirusa yoluxdurub, pis bir şeyə səbəb olma riskimiz maksimum dərəcədə aşağı düşür.

Bu gün vaksin vurdurmaq üçün Bakı Sağlamlıq Mərkəzinə getdim. Bir neçə dəqiqə gözləyib qeydiyyatdan keçəndən sonra “Pfizer” peyvəndi vurdurmaq üçün otağa daxil oldum. Media nümayəndəsi olaraq təbii ki proses mənim üçün maraqlı idi. Tibb bacısından xahiş edərək peyvənd qabının üzərini oxumaq istədim. O, “siz toxunmadan mənim əlimdə oxuyun”, - deyə qabı uzatdı. Üzərini oxudum, ancaq heç bir yerinə “Pfizer” yazılmamışdı. Səbəbini soruşdum, “belə olur, internetdən də baxa bilərsiniz”, - deyə cavab verdi. Qabın şəklini çəkdim və peyvənd vurdurduqdan sonra işə qayıdıb araşdırmağa başladım. Nəticədə məlum oldu ki, qısa müddət əvvəl Almaniya-ABŞ istehsalı “Pfizer-Biontech” peyvəndinin adı “Comirnaty” deyə dəyişdirilib. Bu nə təlimat vərəqində, nə də xəstəxanaların randevu siyahısında qeyd olunub. Əgər “Pfizer” vurdurmaq istəsəniz bilin ki, “Pfizer-BioNTech” və ya “Pfizer”in adı “Comirnaty” deyə 3 avqustda dəyişdirilib. “Co” - COVİD-19-un ilk iki hərfi, “mirna” - mRNa tərkibli olmasını ifadə edir, “ty” - isə immunitet (immunity) sözünün son hərflərini ifadə edir.



Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top