Koronavirusdan evdə müalicə neçəyə başa gəlir? - Özünü xilas edən XƏSTƏLƏR


Pandemiya başlayandan Avropa, Amerika, hətta qonşu ölkələrdə, qonşu İran, Türkiyə, Gürcüstanda evdə müalicə alan heç bir korona xəstəsi aptekə qaçıb həkimlərin yazdığı dərmanlara pul xərcləməyib.

Bütün dünyada testi pozitiv çıxan xəstəyə səhiyyə qurumları ilkin dərman paketini göndərib, vəziyyəti orta və ağır olanı da xəstəxanaya aparıb ən bahalı dərmanlarla dövlət hesabına müalicə edib sağaldıb.
Bu gün yoluxma statistikasında qeyd olunan xəstələrin 70%-i evlərdə öz hesabına müalicə alır.
Baxmayaraq ki, Operativ Qərargah gündəlik statistikada filan qədər xəstə sağalıb evə buraxılıb yazsa da, bu sağalanların kimin hesabına sağaldığını özləri də yaxşı bilir.

Bu dəfəki dalğada yoluxanlar arasında mən və ailə üzvlərim də var idi.
Xəstəmiz şəkər və təzyiqi olduğu üçün risk qrupunda idi. Ona görə test cavabı çıxana kimi KT, analizlər, müayinələr və bir-iki kovid müalicəsi aparan həkimlərin qəbulunda ola bildik.
Öz şəxsi təcrübəmizdən nəhayət ki, orta ağır kovid xəstəsinin evdə müalicəsinin neçəyə başa gəlməsini hesablaya bildik. Məbləğ yüksəkdir və bu xərc vətəndaşın büdcəsinə zərbə, bəzi qurumlara isə xeyirdir. Çünki qeyri-rəsmi olaraq səhiyyəmiz on minlərlə kovid xəstəsi olan vətəndaşının müalicəsində demək olar, rol oynamır.

Beləliklə müalicə xərcləri:
Həkim qəbulları – 40-50-60, uzmanlar 70 manat ( qeyd edim ki, kovid müalicəsində sahə həkimlərinin biabırçı reseptləri xəstənin vəziyyətini daha da pisləşdirir və sonda heç bir sahə həkimi məsuliyyəti öz üzərinə götürmür)
Analizlər – xəstəlik boyu 2-3 dəfə verilir – 200-300 manat ( təkcə həyati əhəmiyyətli olan D-dimer analizinin qiyməti 40 manatdır)
Rentgen – KT müayinəsi - 120 manat
Evdə inyeksiya və sistem üçün tibb bacısı – günü 20-30 manat – ümumilikdə 100-200 manat
Qanın laxtalanmasına qarşı Kleksan kimi vacib preparat – cütü 17 manat – müalicə boyu 200 manat
Antibakterial infuziyalar biri 16 manat- 80-90 manat
Digər antiviral dərmanlar, deksametazon, vitaminlər, öskürək dərmanları və s. – 200 manat
Saturasiya cihazı Pulsoksimetr – 35-40 manat ( kovid xəstələrinin taleyi bu cihazdan asılıdır)
Ən son həddə Remdesevir kimi preparat yazılır – bir flakonu 150-200 manat – ümumilikdə 800 manat (biz onu son anda almaqdan imtina etdik və xəstəyə lazım olmadı)
Beləliklə, yaşlı, xroniki xəstəliyi olan, həqiqətən də mərhələləli şəkildə antibacterial, qandurulducu və deksametazon kimi preparatlar həkim tərəfindən təyin edilən Azərbaycan vətəndaşının 15 günlük koronavirus mübarizəsinə aşağı-yuxarı 1200-1500 manat pul tələb olunur. Bura əlavə taksi xərcləri, qidalanma, cari xərclər və s. daxil deyil.
Əgər Remdesevir və evdə oksigen təchizatı olacaqsa, hansı ki, bəzi həkimlər xəstələrini xilas etmək üçün bunu da evdə təşkil etdirir, o zaman xərc 2000 manatı keçir.
Xəstəliyi yüngül keçirən gənc və sağlam insanların müalicəsi üçünsə 100-300 manat da kifayət edir.

Təbii ki, bütün xəstəxanalar və modullarda yatan xəstələrə bu dərmanlar, hətta qarın nahiyəyə Kleksan da havayı vurulur. Belə çıxır ki, kovidi evdə yox, xəstəxanada keçirmək daha sərfəlidir. Amma çox xəstələrə orda yer yoxdur.
Lakin əsas sual başqadır. Əgər Azərbaycanın koronavirus statistikasında hər gün 2000-3000 insan sağalırsa, bu insanların müalicə xərcləri Pandemiya ilə mübarizə üçün ayrılan büdcədən ayrılırmı? Bu qədər insanın sağalması kimin hesabatına yazılır?
Əgər ayrılmırsa, o zaman hörmətli ÜST Azərbaycan bilsin ki, bu ölkədə insanlar özləri öz güclərinə və Allahın ümidinə koronavirus bəlası ilə mübarizə aparıb, rəsmi qurumların üzünü ağ edir.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top