Kanada peyvənd olunmuş əcnəbilər üçün sərhədlərini açır.
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, Kanada səlahiyyətliləri sentyabrın 7-dən etibarən yalnız “Pfizer”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndləri ilə tam şəkildə vaksinasiya olunmuş digər ölkə vətəndaşlarının Kanadaya gələ biləcəklərini açıqlayıblar.
Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, Kanadaya səyahət etmək istəyən xarici vətəndaşlar ən az 14 gün əvvəl sadalanan vaksinlərdən biri ilə vaksinasiya olunmalıdırlar. Bundan əlavə, turistlər Kanadaya gəlməzdən 72 saat əvvəl götürülmüş mənfi PCR testini təqdim etməli və xüsusi səyahət proqramında qeydiyyatdan keçməlidirlər.
Tam peyvənd olunmuş əcnəbilər 14 günlük karantində qalmayacaqlar, hansı ki, bunu Kanadaya qayıdan peyvənd olunmamış yerli sakinlər etməyə məcbur olur.
XİN 12 yaşından kiçik uşaqlardan peyvənd tələb olunmayacağını, lakin onları müşayiət edən valideynlərinin və ya qəyyumlarının mütləq tam peyvənd olunmalı olduqlarını açıqlayıb. Azyaşlılar iki həftə karantində oturmaq məcburiyyətində də deyillər, lakin bu cür uşaqların Kanadada qaldıqları ilk 14 gün ərzində təhsil müəssisələrinə və izdihamlı yerlərə getməsi qadağandır.
Bu tədbirlər hələ də Hindistan və Mərakeşdən gələn sərnişinlərə şamil edilmir. Kanada pandemiya fonunda bu ölkələrlə birbaşa uçuşları 21 və 29 sentyabr tarixlərinə qədər bağlayıb. Eyni zamanda, bu ölkələrin vətəndaşlarının, yuxarıda göstərilən vaksinlərlə tam peyvənd sertifikatı, həmçinin, Hindistan və ya Mərakeşdə edilməmiş bir PCR testi varsa, üçüncü ölkələr vasitəsilə Kanadaya uça biləcəklər.