Bu gün Lütfi Zadənin anım günüdür – Alimin vəfatından 4 il ötdü...


Bu gün (6 Sentyabr) əslən azərbaycanlı məşhur elm adamı, qeyri səlis məntiq nəzəriyyəsi ilə elmdə yeni bir cığır açmış Berkli Universitetinin professoru Lütfi Zadənin (Lotfi Zadeh) anım günüdür.
Yeniavaz.com
xəbər verir ki, dahi alim Lütfi Zadə 6 sentyabrda (2017-ci ildə 96 yaşında) dünyasını dəyişmişdir. Bu səbəblə də həmin gün ölkəmizdə, ümumiyyətlə elm dünyasında onun anım günü olaraq qeyd edilir.
Gəlin bu münasibətlə həryerlimiz olan bu dahi alimi bir daha yada salaq, onun dünya elminə verdiyi töhfələrdən qısa da olsa bəhs edək...
Lütfi Zadə ilk dəfə 1965-ci ildə "Information and Control" jurnalında dərc etdiyi "Fuzzy Sets" başlıqlı məqaləsində Qeyri-səlis məntiq nəzəriyyəsindən bəhs etmişdi. Lütfi Zadənin bu qeyri-səlis məntiq anlayışına görə hər şey doğru və yanlışdan ibarət deyil. Sadəcə olaraq, doğru və yanlışın dərəcələri var.
Qeyri-səlis məntiq nəzəriyyəsi yalnız və yalnız bir məntiq nəzəriyyəsi deyil, eyni zamanda təklif etdiyi baxış bucağı və nəzər nöqtəsi ilə elmi paradiqmanın əsaslarını sarsıdacaq qədər güclü və alternativ bir baxışdır. Qeyri-səlis məntiq nəzəriyyəsinin gün keçdikcə əhəmiyyətinin artmasının səbəbi, məntiq, fəlsəfə və sosial məsələlərdə gerçəyə yaxın həll yolları təklif etməsi, süni intellekt texnologiyası kimi bir çox sahələrdə mühüm töhfələr verməsidir.
Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini qurarkən riyazi bir fantaziya və ya xəyal arxasınca düşməmişdi. Eyni zamanda bir elektrik mühəndisi olan Lütfi Zadə real dünyadakı real mühəndislik problemləri üçün həll yolları axtarırdı. Misal üçün bir cihazın və ya bir qurğunun daha "ağıllı" qərarlar verə bilməsi üçün ona bir şeyin isti və ya soyuq olduğunu söyləmək kifayət deyil, ona o şeyin "nə qədər isti" və ya "nə qədər soyuq" olduğunu öyrətmək də lazımdır. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi məhz bu məqamda köməyə gəlir. Onun bu yeni yanaşmasından günümüzdə bir çox ağıllı ev alətlərinin (mikrodalğalı soba, paltaryuyan maşın, soyuducu, tozsoran), elektron avadanlıqların (televizor, kserokopiya, videokamera) və avtomobillərin istehsalında istifadə olunur.
Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsindən foto və videokameraların, paltaryuyan maşınların, kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatla - "Honda" mükafatı ilə təltif olundu. Bu tarixdən başlayaraq, amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başladılar.
1990-cı ildən etibarən aralarında NASA-nın da olduğu ABŞ-ın və Avropanın bir çox böyük qurum və şirkətləri də bu texnologiyadan istifadə etməyə başladılar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Qeyri-səlis məntiqin tətbiq sahələri o qədər çoxdur ki, hamısını göz önünə gətirəndə aydın olur ki, gündəlik həyatımıza daxil olan və ətrafımızdakı yüzlərlə, minlərlə cihaz və qurğu məhz qeyri-səlis məntiq nəzəriyyəsinin müddəaları və prinsipləri əsasında işləyir. Təbii ki, bütün bunların arxasında vətəninə və millətinə bağlı bir həmyerlimizin, yəni Lütfi Zadənin (1921-2017) olması, həmçinin, öz vəsiyyətinə görə məhz anadan olduğu Bakıda dəfn edilməsi insanı bu dahi elm adamına daha da yaxın hiss etdirir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top