Həcc ibadətinin əsas rüknü – Ərəfat vəqfəsi


Ərəfə sözü dilimizdə hər hansı bir hadisədən qabaqkı vaxt, bayram axşamı, Qurban bayramından əvvəlki gün kimi mənalara gəlir. Dini bir termin olaraq, həcc ibadətini yerinə yetirən müsəlmanların Məkkə şəhərinin 21 km şərqindəki Ərəfat vadisində bir müddət qalmalarına ərəfat vəqfəsi deyilir. Burada xalq arasında Ərəfat dağı olaraq bilinən və əvvəllər İlal və ya Əlal adlanan qranit daşlardan ibarət 70 m hündürlüyündəki Cəbəlirahmə təpəsi var. Bəzən həcc ziyarətinə gələnlərin vəqfə etdikləri yerin sadəcə Cəbəlirahmə təpəsindən ibarət olduğu, vəqfənin də məhz bu təpə üzərində edildiyi zənn edilir. Halbuki vəqfə, Həzrət Peyğəmbərimizin (s.ə.s): “Ərəfatın hamısı vəqfə yeridir” (Müslim, Həcc, 149) buyurmasına əsasən eni 6.5 km, uzunluğu 11 km olan Ərəfat vadisinin hər bir yerində vəqfə edilə bilər.
İnsanların bu dağa (Cəbəlirahmə təpəsinə) daha çox maraq göstərmələrinin səbəbi Ərəfat vəqfəsinin yalnız bu məkanda edildiyini düşünmələrinə görə ola bilər. Eyni zamanda Ərəfat vadisinin hər hansı bir yerində vəqfə etmək (bir müddət dayanmaq) dinən keçərli və mümkün olduğu halda zəvvarlar daha çox Həzrət Peyğəmbərimizin (s.ə.s) Ərəfat vəqfəsində Cəbəlirahmə təpəsinin ətəklərində dayandığı yeri tərcih edirlər. Bu səbəblə də Ərəfat vəqfəsində izdiham məhz Cəbəlirahmə təpəsində və xüsusilə Allah Rəsulunun (s.ə.s) vəqfə etdiyi yerdə müşahidə edilir.
Qeyd edək ki, Ərəfat vəqfəsinin edildiyi bu məkan ötən yazıda haqqında danışdığımız miqat sərhədlərinin içərisində yerləşir, yəni zəvvarlar miqat məhəllindən etibarən ehram paltarlarını geyindikləri üçün həccin əsas şərtlərindən olan ərəfat vəqfəsini də təbii olaraq ehram libasında edirlər.

Rəvayətə görə, Həzrət Adəm (ə.s) və Həzrət Həvva yer üzünə göndərilmələrindən sonra yenidən görüşdükləri yer Ərəfat vadisi olmuşdur. Həzrət Cəbrayıl (ə.s) Həzrət İbrahimə (ə.s) həccin necə və harada ediləcəyini öyrədərkən Ərəfata gələndə “həl araftə?” (bildinmi?) deyə soruşmuş, o da “araftu” (bildim, öyrəndim) cavabını vermişdim. Ərəfat adının da buradan, "bilmək" mənasından götürüldüyü qeyd edilir. Bu mənada Ərəfat vəqfəsinə, Cəbəlirahmənin ətəklərində Həzrət Adəm (ə.s) və Həzrət Həvvanın övladlarının Həzrət İbrahimin (ə.s) qonaqları olaraq bir araya gəlməsi də demək olar.

Həzrət Peyğəmbərimizin (s.ə.s): “Həcc Ərəfatdır” (İbn Macə, Mənasik, 57; Əbu Davud, Mənasik, 68; Tirmizi, Təfsir, 3) buyurması, İslamın beş şərtindən biri olan həcc ibadətinin yerinə yetirilməsində Ərəfat vəqfəsinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu mənada Ərəfat vəqfəsi diqqət tələb edən bir əməldir. Çünki Ərəfat vəqfəsinin müddəti ərzində burada ola bilməyənlər həcc ibadətini yerinə yetirmiş sayılmırlar. Ərəfat vəqfəsindən başqa həccin digər rüknlərini öz vaxtında yerinə yetirməyən zəvvar qurban kəsərək, kəffarə oruc tutaraq, ya da fidyə verilərək həmin əməlləri yerinə yetirmiş sayılırlar, ancaq Ərəfat vəqfəsini əvəzləyəcək, yeri doldurulacaq hər hansı alternativ yoxdur. Bu baxımdan Allah Rəsulunun (s.ə.s) yuxarıda keçən: “Həcc Ərəfatdır” kəlamı buradakı ciddiyyəti və diqqətli olmağı bizə göstərir.
Ərəfat vəqfəsinin vaxtı hicri təqvimlə Zilhiccə ayının 9-u günəşin ən təpə nöqtəyə gəldiyi vaxtdan başlayır, növbəti gün, yəni Qurban bayramının birinci günü fəcri-sadiq adlanan dan yerinin ağarmağa başladığı vaxta qədər davam edir. Bu haqda məzhəblər arasında fərq yoxdur. Sadəcə Hənbəli məzhəbinə görə, Ərəfat vəqfəsinin başlanma vaxtı Ərəfə günü günəşin ən təpə nöqtəyə gəldiyi vaxtdan etibarən deyil, həmin gün dan yerinin ağarması ilə (fəcri sadiqin ortaya çıxması ilə) başlayır.

Sünnəyə uyğun hərəkət etmək baxımından Zilhiccə ayının 9-u günəşin təpə nöqtəyə gəlişindən sonra Ərəfat vadisinə getmək daha doğrudur. Ancaq günümüzdə zəvvarların sayının çoxluğu və nəqliyyat məsələləri nəzərə alınaraq zəvvar qrupları Ərəfat vadisinə Zilhiccə ayının 8-i gəlir və gecəni orada keçirirlər. Ərəfat vadisində zilhiccə ayının 9-u gün batana qədər qalmaq vacibdir. Gün batandan sonra həcc ibadətinin digər rüknlərini icra etmək üçün Müzdəlifəyə yola çıxılır.
Ərəfat onsuz da Cənab Allahın (c.c) bilgisindən kənarda qalması mümkün olmayan günahların yenə Cənab Allaha (c.c) etiraf etmək, günahlardan qurtularaq gözyaşları ilə tövbə edə bilməkdir. Ərəfat Cənab Allahı (c.c) tanımaq, bilmək və buna uyğun həyat yaşamağa söz verməkdir. Ərəfat buradakı müsəlmanların qarşılıqlı tanışmaları, əgər varsa aradakı kin-küdurətin silinməsi, qəlblərdə müsəlmanların bir-birilərinə qarşı sevgi və məhəbbətin hasil olmasıdır. Ərəfat qardaşlıq və bərabərlik günüdür, ayrılıqları və xəyanəti ürəkdən silməklə görüşmək, qarışmaq və bilmək (tanış olmaq), ürək körpüsü qurmaqdır. 
Ərəfat sanki məhşərin kiçik bir modeli, öz əməllərindən başqa heç kimin digərinə faydasının olmadığı məhşəri xatırlama günüdür.
Ərəfat, on dörd əsr əvvəl Allah Rəsulunun (s.ə.s) yüz iyirmi mindən çox səhabəyə, onların timsalında müsəlmanlara və bütün insanlığa Vida xütbəsi ilə səsləndiyi məkandır. Ərəfat, Allah Rəsulunun (s.ə.s): “Ey insanlar! Sözlərimibyaxşı dinləyin! Bəlkə də, bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyəm!” deyərək vidalaşdığı yerdir. Ərəfat, bir rəvayətə görə, Quranın son ayəsi olan: “Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim” (Maidə, 5/3) ayəsinin endiyi, bu ayə birlikdə artıq Allah Rəsulunun (s.ə.s) bu dünyadan ayrılacağının xəbər verildiyi məkandır. O günə qədər heç kim Rəsulullahın (s.ə.s.) dünyadan köçəcəyini ağlına gətirmirdi. Ancaq bu ayə ilə o gün ürəklər yanıb qovrulmuş, qəlblərdə hüzn rüzgarı əsməyə başlamışdı!
Ərəfat, əsrlər sonra imzalanacaq İnsan Haqları Bəyənnaməsinə ilham verəcək ümumbəşəri insan haqları prinsiblərinin Həzrət Peyğəmbərimizin (s.ə.s) Vida xütbəsində səsləndirdiyi yerdir.


Qeyd: Yazının hazırlanmasında aşağıdakı qaynaqlardan istifadə edilmişdir:
Diyanet Vakfı İlmihali
Kainatın Efendisi Peygamberimizin Hayatı, Salih Suruç.
https://islamansiklopedisi.org.tr/vakfe
https://islamansiklopedisi.org.tr/arafat
https://islamansiklopedisi.org.tr/mescid-i-nemire


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top