Dövlət orqanlarında yüksək vəzifələrə müsahibə elan olundu


Sabahdan 19 dövlət orqanında 2-7-ci təsnifata uyğun olan inzibati vəzifələrin A və B növü üzrə daxili müsahibə elan edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 55-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 34-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin ikinci təsnifatına uyğun olan Hesablama Palatasında şöbə müdiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, inzibati vəzifələrin üçüncü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri və Aparat rəhbərinin müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifələridir.

Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 28, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində doqquz, Dövlət Turizm Agentliyində yeddi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeddi, Maliyyə Nazirliyində altı, Gənclər və İdman Nazirliyində beş, Dövlət Statistika Komitəsində dörd, Baş Prokurorluqda üç, Energetika Nazirliyində üç, Kənd Təsərrüfatı Nazirliyində üç, Xarici İşlər Nazirliyində üç, Bakı Apellyasiya Məhkəməsində iki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki, Təhsil Nazirliyində iki, Hesablama Palatasında bir, Mədəniyyət Nazirliyində bir, Qida Təhlükəsizliyi Agentliyində bir, Səhiyyə Nazirliyində bir, Şəki Apellyasiya Məhkəməsində bir vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə mərkəz tərəfindən göstərilən dövlət xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilər:

-  Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-  Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

-  1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2021-ci il tarixindən 22 sentyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top