Saxta COVID-19 pasportu satan vəzifəli şəxslərə cinayət işi açıldı

“Ağcabədi rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Yeniavaz.com-a Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVID-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

"Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir", - prokurorluqdan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top