"Hakim Həbib Həsənov şahidləri təhqir etməsi üçün Rövşən Əkbərova şərait yaradır"


"Az ağır cinayətdə təqsirləndirilən şəxsi belə məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar, lakin Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, o, açıq məhkəmə iclasında belə qolunda qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan oturtdulur".
Yeniavaz.com xəbər verir ki, bu məlumatı Vəkillər Kollegiyasının üzvü və General Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edən Elçin Sadıqov verib. O, R. Əkbərovun məhkəmə prosesinin iştirakçıları üçün real təhlükə olduğunu bildirib:
“Rövşən Əkbərov istədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir, hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə “sən bağla” kimi sözlər deyir, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsin deyə şahidləri təhqir edir. Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov yaradır. Ən əsası, bu da şahidləri həqiqəti deməkdən çəkindirir.
Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tez alışandır və o, istənilən vaxt digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir. Həmin məhkəmə iclaslarının video lent yazılarına baxmaq kifayətdir ki, həmin iclasın məhkəmə iclası olmadığını biləsən. Hələ karantin qaydalarının pozulmasını demirəm. Rövşən Əkbərovun bütün qohum-əqrəbası, dost-tanışı məhkəmə iclas zalına buraxılırlar”.
E. Sadıqov Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədrinə müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib:
“Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyyələrinizi verəsiniz”.

Fotoda: Hakim Həbib Həsənov

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top