Millimiz Lüksemburqa da uduzdu


Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün birinci hissəsi Lüksemburq yığmasının aşkar üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən oyuna nəzarəti ələ keçirən meydan sahibləri ardıcıl hücumlarla Şahruddin Məhəmmədəliyevin qoruduğu qapı qarşısında təhükəli epizodlar yaradıblar. Belə vəziyyətlərdən birində Jerson Rodrigeşin başı üzərindən aşırma zərbəsini qolkiper zərərsizləşdirib. Bununla belə, lüksemburqlu futbolçular 8-ci dəqiqədə istəklərinə nail olublar. Mikael Pintonon cərimə meydançasının sol cinahından vurduğu top Məhəmmədəliyev üçün qarşısıalınmaz olub. Buraxılan qoldan sonra toparlanmağa çalışan Azərbaycan millisi 15-ci dəqiqədə Əli Qurbani ilə hesabı bərabərləşdirməyə yaxın olsa da, hücumçu topa çata bilməyib. Əvəzində Lüksemburq yığması 2-ci qolu vurub. 28-ci dəqiqədə Abbas Hüseynovun kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Rodrigeş fərqi artırıb – 2:0. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci yarıda Mahir Emreli, Namik Ələskərov və Anton Krivotsyukun meydana daxil olmasından sonra millinin oyununda müsbətə doğru dəyişiklik baş verib. Bunun məntiqi nəticəsi kimi 67-ci dəqiqədə hesab arasındakı fərq azalıb. Emin Mahmudov cərimə zərbəsindən vurduğu mükəmməl qolla komandasını ümidləndirib. Lakin yığmanın gücü bundan artığına çatmayıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Lüksemburq seçməsi 3-cü pillədəki mövqeyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.

Bu qrupun digər matçında isə Portuqaliya evdə İrlandiya üzərində əzmkar qələbə qazanıb - 2:1. Meydan sahiblərinin heyətində hər iki qolu Kriştianu Ronaldu vurub. //Report

DİGƏR XƏBƏRLƏR

Top