
“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının üzvü və General Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edən Elçin Sadıqov özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, buna dair həm məhkəmədəki təhlükəsizlik kameralarında görüntülər həm də özündə sübut var.
Vəkil Prezidentə, daxili işlər nazirinə və baş prokurora müraciət edərək Telman Əkbərovun məsuliyyətə cəlb edilməsini tələb edib.
Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz