Milli Qəhrəmanın şəhid olduğu yerə xatirə lövhəsi vuruldu - FOTO


Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Oqtay Güləli oğlu Güləliyevin xatirəsi əbədiləşdirilib.

Bu barədə məlumat “facebook”da şəhidin döyüş yoldaşları tərəfindən yayımlanıb.

Belə ki, Hoçaz kəndinin yaxınlığında yerləşən qayaların birinə Oqtay Güləli oğlu Güləliyevin xatirə lövhəsi vurulub.

Məlumat üçün qeyd edək ki, Oqtay Güləliyev 10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulub.

1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.

Laçın polisində işlədiyi vaxt Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.

Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq cəbhəyə qayıdıb.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb.

11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş Oqtay Güləliyevin son döyüşü oldu.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Milli Qəhrəman Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

DİGƏR XƏBƏRLƏR

Top