"Bəzi rəsmilər deyirlər ki, yağış yağanda yanğın dayanacaq" - Kəmaləddin Heydərov hadisə yerində


Sosial şəbəkələrdə Oğuz, Qəbələ meşələrinin yandığı və söndürmək üçün heç bir cəhd edilmədiyi barədə məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ecofront” səhifəsi feysbukda paylaşım edib. Səhifənin iddiasına görə, baş verən yanğınları söndürməyə yetərincə resurs cəlb edilmir:
“Oğuz, Qəbələ meşələri yanır. Ümid az saylı FHN və ETSN işçilərinin qəhrəmanlığına və fədakarlığına qalıb. Bunu isə hər dəfə onlardan gözləmək nə dərəcədə ədalətlidir? Yanğını söndürməkdən rəsmən pes ediblər, gözdən pərdə asmaq üşün nə isə edirlər. Bəzi rəsmilər artıq yağış yağanda dayanacaq deməkdən belə çəkinmirlər. Niyə orada operativ qərargah yoxdur və hər şey xalqa göstərilmir? ETSN niyə bu barədə ətraflı məlumat vermir?
“Pray for Turkey”, “Pray for Australia” ordusu o da gözəl idi, çox sağ olun, amma bu da vacibdir. Bizim meşələrdir”.
Həmçinin səhifəyə müraciət edən istifadəçinin sözlərinə görə, Qəbələnin bir sıra kəndlərində vəziyyət çox çətindir:
“Dağdan indi düşmüşəm. Yanğın çox böyük yeri əhatə edib. Qəbələnin Abrıx,  Dandıx, Tikanlı kəndlərinin meşələri yanaraq yoxa çıxır. FHN isə heç bir iş görmür və ancaq yağış yağsa, yanğının sönəcəyini deyirlər. Bum və Qəmərvan kəndlərində isə kül buludu hər yerə yayılıb”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sosial şəbəkələrdə yayılan iddiaların əsassız olduğunu bildirdi:
“FHN və ETSN-nin bütün yerli qurumları, hətta kənd camaatı belə  günlərdir həmin ərazilərdə yanğının söndürülməsi üçün çalışır. Bizim bütün qüvvələrimiz yanğın baş verən ərazidə olub. Hətta yanğın küləkli ərazidə baş verdiyi üçün, gecə növbətçilik qrupları belə yaradılıb. Necə bu qədər çəkilən əziyyətlərə, görülən işlərə heçnə edilmir deyilə bilər?

Qeyd edək ki, APA-nın yaydığı məlumata görə, bu gün Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunda yanğın baş vermiş ərazilərə gedib və yanğınların qarşısının alınması üçün müvafiq göstərişlər, tapşırıqlar verib.

Nəzmiyyə Sadıqova

DİGƏR XƏBƏRLƏR

Top