Azərbaycanlı nüfuzlu şəxsin Maltada qətl planları: hakim şikayəti rədd edib

Azərbaycanda yaşayan “nüfuzlu şəxsin” Maltada yaşayan keçmiş arvadını öldürmək üçün killer axtarması və qadının bundan xəbər tutaraq prokurorluğa şikayət verməsi əhvalatı ilə bağlı yeni məlumatlar var.
Yeniavaz.com virtualaz.org-a istinadən xəbər verir ki, hakim Yan Farruca qadının keçmiş əri barədə məhkəmə təhqiqatının başladılması haqda şikayət ərizəsini geri qaytarıb. Hakim belə qənaətə gəlib ki, şikayət əsasında məhkəmə təhqiqatının başladılması üçün “yetərli dəlillər yoxdur”. Bu haqda “The Times of Malta” yazır.

Xatırladaq ki, həmin qadın Rusiya vətəndaşıdır, azərbaycanlı ərindən ayrıldıqdan sonra Malta vətəndaşı ilə yaşayır. Qadın ərinin onu öldürmək planları qurduğunu başqa azərbaycanlıdan öyrənib. Prokuror Piter Pol Zammitə təqdim etdiyi şikayət ərizəsində göstərib ki, keçmiş əri onu öldürmək üçün killer axtarır və bunun üçün sanballı vəsait ödəməyə hazırdır.

Sübut qismində qadın hazırda Maltada işləyən və onlarla qonşuluqda yaşayan başqa azərbaycanlının iki videoçıxışını təqdim edib. Bu şəxs qadının keçmiş ərinin işçisi olub. O, videoçıxışında iddia edir ki, qadının keçmiş ərindən killer tapmaq sifarişi alıb. Və bunun üçün ona sanballı məbləğ təklif edib. Həmin şəxs Azərbaycanda bu yaxınlarda həbsdən çıxmış qardaşının köməyi ilə killer tapacağını deyərək “vaxt udmağa çalışıb”, daha sonra qadının keçmiş ərinin planlarını qadına çatdırıb. Habelə qadın şikayət ərizəsinə bu iki videoçıxışla yanaşı mənzilindən aşkar etdiyi gizli kameranı və səsyazma qurğusunu da təqdim edib. O, həmin qurğuların keçmiş ərinin əliylə mənzilinə yerləşdirildiyini iddia edir. Bildirilir ki, qadının keçmiş ərinin Maltada çox güclü əlaqələri var.

Prokuror qadının şikayətini məhkəmə təhqiqatının başladılması üçün hakimə göndərib. Amma hakim Farruca işin təfərrüatlarını öyrənəndən sonra belə qənaətə gəlib ki, məhkəmə təhqiqatının başladılması üçün yetərli dəlil yoxdur və ərizəni müstəqil araşdırma aparılması üçün polisə göndərib. Prokuror isə hakimin bu qərarından apellyasiya verib.

Polisdəki mənbələr “Times of Malta” nəşrinə bildiriblər ki, qadın ilk dəfə bu şikayətlə ötən il onlara müraciət edib. Və onlar məsələni araşdırıblar və cinayət işinin qaldırılması üçün yetərli əsas olmadığı qənaətinə gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top